Macar üzgüçü amerikalı Maykl Felpsin rekordunu yeniləyib
Tokio Olimpiadasında 200 metr məsafəyə batterflay üsulu ilə üzmə yarışında yeni Olimpiya rekordu müəyyənləşib.

Macarıstan üzgüçüsü Kriştof Milak yarışı 1 dəqiqə 51,25 saniyəyə başa vuraraq çempion adını qazanmaqla yanaşı, yeni Olimpiya rekordunun da sahibi olub. İyirmi bir yaşlı idmançı bu göstərici ilə Olimpiya Oyunları tarixində ən titullu atlet olan amerikalı Maykl Felpsin rekordunu (1 dəqiqə 52,03 saniyə) yeniləyib. M.Felps bu rekorda “Pekin-2008”də imza atmışdı.

Qeyd edək ki, macar idmançı 200 metr məsafəyə batterflay üsulu ilə üzmə yarışında dünya rekordunun (1 dəqiqə 50,73 saniyə) da sahibidir.

“Tokio-2020”də bu yarışda yaponiyalı Tomoru Honda gümüş, italiyalı Federiko Burdisso isə bürünc medallara sahib olublar.

Xəbər 350 dəfə oxundu.