BOK sessiyasında
Xərclər, yeni deviz, proqramlar və dopinq-test, bir də olimpiadanın yeni vətəni

Tokioda olimpiadanın başlanmasından əvvəl Beynəlxalq Olimpiya Komitəsinin (BOK) 138-ci sessiyası keçirilib. İki gün ərzində müzakirə olunan vacib məsələlər koronavirus, 2032-ci il olimpiadasının ev sahibi və 127 illik əsas deviz olub.

Koronavirus xərcləri

Olimpiadanı təxirə salmaq ən asan qərara olacaqdı və biz sığorta haqqını alıb "Paris-2024"ün hazırlıqlarına keçə bilərdik. Lakin əlimizdə heç bir yol xəritəsi olmadan yaponiyalı tərəfdaşlarımızla birlikdə hər bir çətinliyə sinə gərməyə qərar verdik" - deyən BOK prezidenti Tomas Bax yalnız rəhbərlik etdiyi qurumun Tokio olimpiadası və paralimpiadasına 1,7 milyard dollar xərclədiyini bildirib.
Onun "əsl qəhrəmanlar" adlandırdığı yaponların xərcləri də elan edildi. "Tokio-2020"nin Təşkilat Komitəsinin baş katibi Tosiro Muto Yaponiyanın xərclərinin 15,4 milyard dollar olduğunu deyib. Bu isə Oyunların təxirə salınmasından sonra xərclərin 900 milyon dollar artması deməkdir.

Dopinqin yeni test üsulu

"Rio-2016" zamanı geniş müzakirələrlə qarşılanan olimpiadadan fərqli olaraq, bu dəfə çıxışlarda qeyri-adi ittihamlar və s. olmadı. Əsas xəbər isə quru qan ləkələrinin yoxlanılmasına əsaslanan yeni test metodunun sınaq məqsədilə Tokio olimpiadasında tətbiq edilməsidir. Təhlilin yeni texnologiyası dopinqlə mübarizədə qaydalara çox dəyişiklik edilməsinə kömək edəcəyi bildirilir. Yeni yoxlama üsulu sentyabrın 1-dən tam qüvvəyə minəcək.

Yekdillik günü - deviz dəyişdi

Müxtəlif məsələlərin müzakirəsinə dair çıxış edən Bax sessiyanın keçirildiyi günləri əsl həmrəylik, birlik günləri adlandırdı. Tədbirdə BMT-nin keçmiş baş katibi Pan Gi Mun yenidən etika komissiyasının sədri seçilib. Komissiyaya Sü Hantszin (Çin) və Kosta Rikanın eks-prezidenti Laura Çinçilya üzv seçiliblər.
İcraiyyə Komitəsinin üzvü Nikol Höverts (Aruba) quruma vitse-prezident, Robin E. Mitçell (Fici) və Denis Osvald (İsveçrə) yenidən, Kristin Kloster (Norveç) isə yeni olaraq İcraiyyə Komitəsinə üzv seçiliblər.
Atletlər Komissiyasının sədri, BOK-un fəaliyyətdə olan atlet kimi üzvü Kirsti Koventri (Zimbabve) karyerasını başa vurduğundan BOK-un müstəqil fərdi üzvü statusunu alıb. Ser Kreyq Ridi 2022-ci ildən, Danimarka taxt-tacının vəliəhdi, şahzadə Frederik isə sessiya müddətindən fəxrü üzv seçiliblər.

138-ci sessiyanı xüsusi tarixə salan hadisə 1894-cü ildə - ilk sessiyada qəbul edilmiş devizin fərqli redaktəsinin təsdiq edilməsidir. Pyer de Kubertenin təklifi ilə qəbul edilmiş şüara "birlikdə" sözü də əlavə olunub. Beləliklə, "daha sürətli, daha yüksəyə, daha güclü - birlikdə" (latınca - "citius, altius, fortius - communis") şüarı yekdilliklə təsdiq edilib.

Proqram yenilikləri və yeni üzvlər

2026-cı ilin qış olimpiadasının proqramına yekdilliklə ski-alpinizm daxil edilib. Bu növ üzrə idmançılar 5 medal dəsti uğrunda yarışacaqlar. Alpinizm və xizəksürmə vərdişlərini cəm edən növdə məsafənin daha sürətlə qət edilməsi vacibdir. Burada xizəklə dağa dırmanma və enmə, yüklə buzlu qayaya dırmanma kimi proqramlarda mübarizə aparacaqlar.

BOK yekdilliklə 6 beynəlxalq federasiyanı sıralarına cəlb edib: Beynəlxalq Çirlidinq İttifaqı (ICU), Beynəlxalq Müey-tay Assosiasiyaları Federasiyası (IFMA), Beynəlxalq Sambo Assosiasiyaları Federasiyası (FIAS), Beynəlxalq Aysştoksport Federasiyası (IFI), Dünya Kikboksinq Təşkilatları Assosiasiyası (WAKO), Dünya Lakross Federasiyası (WL).

2032-nin vətəni Brisbendir

2019-cu ildə Lozannada keçirilən 134-cü BOK sessiyasında Oyunların vətəninin seçilməsi qaydaları dəyişdirilib. "Olimpiya gündəliyi-2020"nin ("OG-2020") tövsiyələrinə uyğun edilən dəyişikliklər uzun müdddət müzakirə olunsa da, onun ilk qərarlarından biri məhz 2032-ci ilin ev sahibinin seçilməsidir. Məlumdur ki, "OG-2020" şəhərlərin marağını artırmaq, imkanlarını, təkliflərini araşdırmaq və qiymətləndirmək üçün xüsusi qruplar ayırmalı idi. Onlardan biri qış, digəri yay olimpiadaları komissiyası idi. Olimpiya xartiyasına dəyişikliklər, sessiyaların səlahiyyətlərinin artırılması, Oyunların vətəninin 7 il əvvəl seçilməsi qaydasının ləğvi, yalnız şəhər prinsipinin daha böyük coğrafi tərkiblərə genişləndirilməsi və s. qərarları da sadalamaq olar. 6 BOK üzvü - Kristin Kloster Aasen (Norveç, sədr), Dik Paund (Kanada), Li Linqvey (Çin), Miki Kojuanqko-Javorski (Filippin), Luis Mexia Ovyedo (Dominikan Respublikası), Filomena Fortes (Kape Verde), 4 digər üzv - Sara Uolker (Yeni Zelandiya, idmançılar), Françesko Riççi Bitti (İtaliya, ASOİF - Yay Olimpiadaları Beynəlxalq Federasilyaları Assosiasiyası), Pol Tercat (Keniya, MOK-lar), Endryu Parsons (Braziliya, IPC - Beynəlxalq Paralimpiya Komitəsi) yekun olaraq, Avstraliyanın Brisben şəhərinin namizədliyini bəyənib. BOK sessiyası isə 72 lehinə, 5 əleyhinə olmaqla qalib elan edib. Beləliklə, "Melburn- 1956" və "Sidney-2000"dən sonra olimpiada "uzaq yaşıl ada"ya 3-cü səfərini edəcək.
Brisbenə üstünlük verən cəhətlər arasında arenaların 54 faizinin mövcud və ya müvəqqəti olmasıdır. Qalan obyektlər şəhərin böyüyən infrastrukturuna yük olmayacaq və vaxtında inşa ediləcək. İkinci vacib üstünlük, hökumət və əhalinin dəstəyidir. Üçüncüsü, olimpiya oyunlarının yerli idman irsinə uyğunluğu, onun inkişafı ilə ahəngdarlığı və s.-dir. Dördüncüsü, uzunmüddətli inkişaf proqramları, BMT ideallarına , Dünya Səhiyyə Təşkilatının prinsiplərinə uyğun strateji sosial-iqtisadi inkişaf məsələləridir. Beşincisi, "10+10+" (oyunlara qədər və sonra) prinsipi ilə aydın olimpizm və paralimpizm irsinin inkişaf layihələridir. Altıncı məsələ, maliyyələşmənin tam olaraq özəl və müstəqil sektorlardan aparılması ilə iqtisadi, ekoloji, sosial baza prinsiplərinin üstünlük təşkil etməsidir.

BATI YAR

Xəbər 570 dəfə oxundu.