Avrokuboklar: Təzadlı və qarışıq hissli ümidlər
"Neftçi"nin qitənin çempionlarının yarışında ikinci mərhələ rəqabəti ilə yanaşı, digər Azərbaycan klubları da yeni təsis edilmiş Konfrans liqasında debüt ediblər.

Maraqlıdır ki, bütün matçlar eyni deviz altında keçib və təmsilçilərimiz meydanı nə tam doğrulmuş ümid, nə də dolğun oyunla tərk ediblər.

"Neftçi" birinci mərhələdəkindən daha ciddi və bir az toparlanmış rəqib kimi, hətta bəzi hallarda daha təcrübəli vizavisindən üstün görünsə belə, meydanda tam güvəniləcək oyun nümayiş etdirə bilmədi. Əlbəttə, prinsipial olaraq, rəqibindən çəkinmədən hərəkət etməsilə komanda alqış qazanaraq, rəqibi təlaşa belə sala bildi. Vurduğu qoldan sonra yunanların daha inamlı oyunu başlandı. Doğrudur, "Neftçi" bundan sonra da çəkinmədən öz şərtini diktə etmək istədi. Lakin nə heyətin potensialı, nə də ehtiyat skamyadan verilə biləcək dəstək yetərli olmayacaqdı. Hətta üzünə təpik yeyərək, şokda meydanı tərk edən Namiq Ələsgərovun (rəqib meydandan qovuldu) yoxluğu komandanın ön xəttindəki oyununu əməlli puç etdi. Mirabdulla bir sıra keyfiyyətləri ilə hələlik özünü doğrultmaq üçün tələskənliyə yol verən imicini qazanmaqdadır. Halbuki təcrübəsi ona daha fərqli, nizamlı oynamağı öyrətməli idi. Hər halda tezliklə dogma divarlar arasında komanda özünü sübut edə bilər.

"Olimpiakos" keçilməz sədd olmadığını elə birinci rəqabətdə əyani nümayiş etdirdi. İndi komanda Bakıda daha mobil oynamaqla yanaşı, optimal taktiki hazırlıq planı cızmalıdır. Rəqibin zəif cəhətlərindən biri qapıya zərbələrə dözümsüzlüyüdür.

"Qarabağ" elə ilk görüşdə israilli rəqibini əzməli idi. Hərçənd ənənəsi üzrə Ağdam klubu tanımadığı və tam müdafiəyə sığınmış rəqibini sıxışdıra bilmədi. Buna potensial gücü də yetmədi. Komandanın tam heyətlə oynaya bilməməsi, xüsusən itkilərin daha çox arxa planlı oyuna təsiri müdafiə redutundakı problemləri qabartdı. Bununla belə "Qarabağ" hər qarışda rəqibdən üstün olduğunu və səfərdə daha fərqli planla rəqibi keçə biləcəyini nümayiş etdirib.

İlk baxışda səfərdən heç-heçə ilə dönmüş "Sumqayıt"ın şansları xeyli artıb. Özünə tay olan rəqibi dogma divarlar arasında sıxıb boğmaq üçün hər bir imkan var. Lakin bunun üçün optimal hücum planı cızılmalı, bu halda səhlənkarlığa yol vermədən qapının toxunulmazlığını təmin etmək lazımdır. Bunun üçün hər bir imkan və güc var. Lakin "Sumqayıt"ın ilk problemi çoxplanlı oyunlara hazır olmamasıdır. Hər halda orta zonadan quruculuq və maksimal intensiv oyunla rəqibə şərtlər diktə etmək mümkündür. Bu, effektli variant təsiri bağışlayır.

Nəhayət, bu mərhələdə ölkəmiz bir təmsilçisini itirməyə hazırdır. "Soçi" "Keşlə" ilə oyuna çox rahat gələcək. Azərbaycan təmsilçisinin isə nə bundan istifadə, nə də potensial yeni oyun variantını təklif etmək imkanı yoxdur. Komanda yalnız möcüzəli şəkildə toparlana bilərsə və hətta bu halda belə digər möcüzə ilə rəqibi qəfil səhlənkarlığa yol verərsə, sensasiya mümkündür.

BATI YAR

Xəbər 462 dəfə oxundu.