Daha bir yarış Azərbaycanın şanlı idman tarixinə yazılır
12 iyun Azərbaycan idmanı tarixinin daha bir əlamətdar günü kimi yaddaşlara həkk olacaq. Həmin gün ilk dəfə futbol üzrə Avropa çempionatının final mərhələsinin oyunu Azərbaycanda keçirilib.

Ümumiyyətlə, Bakı Avropanın 11 şəhəri kimi bu dəfə fərqli formatda keçirilən qitə çempionatının final mərhələsinin təşkilatçısıdır. Paytaxtın Olimpiya stadionunda "A" qrupunun üç və 1/4 final mərhələsinin bir oyunu keçiriləcək.

Yarış formatının dəyişdirilməsi həm də qitə çempionatının 60 illik yubileyini fərqli edən cəhətlərdən biridir və bir növ Avropanın birliyinin rəmzi kimi təqdim edilir.
Belə bir hadisənin Bakının da təşkilatçılardan biri kimi daxil olması ölkəmizin daha bir əhəmiyyətli uğuru sayıla bilər.

Beləliklə, Azərbaycan paytaxtı Avropa liqasının final matçından sonra diqqət mərkəzində olan daha bir mötəbər futbol yarışının həlledici mərhələsinin təşkilatçısı olur. Təkcə son illərdə Birinci Avropa, İslam Həmrəylik Oyunlarını, şahmat olimpiadasını da əlavə etsək, Azərbaycanın dünyada əhəmiyyəti ilə seçilən idman yarışlarında təşkilatçılığı və bu sahədə uğurları digər sahələrdəki nailiyyətlərimizin bir parçası və Azərbaycanın idman ölkəsi kimi imicinin möhkəmlənməsinə xidmət edir.

Beləliklə, böyük futbol marafonunun ev sahibi kimi idman tariximizdə daha bir möhtəşəm səhifə açılır.

Bakının qitə çempionatına ilk dəfə ev sahibliyi etməsini tarixin səhifəsinə çevirən ilk matçı müasir Azərbaycanın idman uğurlarının əsas memarı olan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevi və birinci xanım Mehriban Əliyeva tribunadan izləyiblər.

"A" qrupunun Bakı Olimpiya Stadionunda keçirilən Uels - İsveçrə matçı gərgin mübarizə şəraitində keçib. İlk hissədə qapılara qol vurulmasa da, ikinci hissənin əvvəlində obyektiv üstün olan isveçrəlilər hesabı açıblar. Lakin bu Uels komandasının ruhunu qırmayıb və onlar daha əzmkar mübarizədə bərabərliyə nail olublar. Qarşılaşma son illər dünya futbolunda get-gedə geniş tətbiq edilən VAR (hakimin videoköməkçisi) sisteminin qitə çempionatında ilk dəfə tətbiq edilməsi ilə tarixə keçib. 85-ci dəqiqədə Qavranoviç isveçrəliləri yenidən hesabda irəli çıxarsa da, məhz VAR sistemi qolun oyundankənar vəziyyətdən vurulmasını təsdiqləyib. Beləliklə, qitə çempionatlarının final mərhələsi tarixində ilk dəfə matçın nəticəsinə təsir edə biləcək, lakin obyektiv olaraq hiss olunmayacaq tarixi hakim səhvinin qarşısı alınıb.

Ümumən Bakıda keçirilən bu tarixi oyunla bağlı qeydlərimizə qayıtsaq, idmanın müxtəlif növləri üzrə mötəbər beynəlxalq yarışlara yüksək səviyyədə ev sahibliyi edən Azərbaycan miqyasından asılı olmayaraq böyük hazırlıq tələb edən idman tədbirlərini rahatlıqla keçirir. Bu isə idman qurumlarının bu hüququ tərəddüd etmədən Azərbaycana verməsinin təsadüfi olmadığını əyani nümayiş etdirir.
Qitə çempionatının açılış matçı isə Bakıdakı qarşılaşmadan bir gün əvvəl Roma şəhərində keçirilib. Həmin oyunda ev sahibi İtaliya millisi Türkiyənin futbol millisindən üstün olub. Burada doğma divarlar amili ilə yanaşı, müzakirələrə açıq olan seçilmiş taktiki planlamanın yetərli olmamasını, habelə funksional natamamlığı, eləcə də "skuadra"nın daha təcrübəli heyətə malik olmasını səbəblərdən biri kimi göstərmək olar. Lakin futbol bu kimi komponentlərin cəmindən formalaşan bir oyun olduğu üçün obyektiv qiymətləndirmə İtaliya seçmə kollektivinin xeyrinə idi.

Ümumən keçirilmiş oyunlar bir sıra cəhətləri ilə diqqət çəkir. Kopenhagendəki Finlandiya - Danimarka matçının 41-ci dəqiqəsində danimarkalı Kristian Erikssen huşunu itirərək yerə yıxılıb. İngiltərəli referi Entoni Teylor dərhal həkim briqadasını dəvət edib. Həmkarları onu dövrəyə alaraq bu dəhşətli mənzərənin nümayiş olunmamasına çalışıblar. Yaxınlıqdakı tribunadakı finlandiyalı azarkeşlərin əsl insanpərvərlik nümayiş etdirməsi isə xüsusi qeyd oluna bilər. Onlar milli bayraqlarını futbolçuya tibbi yardımın göstərilməsi və həm də bayraqla xüsusi pərdənin qurulması üçün veriblər. Futbolçuya süni nəfəs verilib və o, xəstəxanaya çatdırılıb. Matç bir neçə saatdan sonra bərpa edilib. Əlbəttə, nəticə danimarkalılar üçün münasib olmayıb və bəlkə də futbolçuların psixoloji durumu da buna təsir edib. Çünki finlər hesabı açdıqdan sonra da təyin edilən penaltini faktiki ev sahibləri dəqiq yerinə yetirə bilməyiblər.

Qitə çempionatlarının yubiley turnirinin ən əhəmiyyətli hadisələrindən birinin müəllifliyi avstriyalılara nəsib oldu. Makedoniyalılarla qarşılaşmanın 78-ci dəqiqəsində Avstriyanı hesabda irəli çıxaran qolun müəllifi Mixael Qreqoritç həm də "Avro"lar tarixinin 700-cü dəfə topu qapıdan keçirən futbolçusudur.

Həmin görüşdə Şimali Makedoniya millisinin böyük yarışlarda ilk qolunun müəllifi olan Qoran Pandev isə qitə çempionatları tarixinin ən yaşlı ikinci qol müəllifi oldu. Ən "yaşlı qol"çu isə "Avro-2008"də Polşanın qapısından cavab topunu penaltidən keçirmiş avstriyalı İvitsa Vastiçdir (38 yaş 257 gün).

Ümumən, final mərhələsi hələlik əlahiddə möcüzə olmadan başlanıb.

BATI YAR

Xəbər 356 dəfə oxundu.