Bakıda böyük futbol bayramı
Azərbaycan dünyanın ikinci böyük futbol yarışına ev sahibliyi edəcək

Azərbaycan, bir az da dəqiqləşdirsək, ölkəmizin paytaxtı Bakı ilk böyük futbol marafonunun ev sahibi kimi idman tariximizdə daha bir möhtəşəm bayram ab-havası yaşayacaq. Çox sadalamayaq, birinci Avropa, İslam Həmrəylik Oyunlarını, Formula 1 yarışını, şahmat olimpiadasını, UEFA Avropa liqasının final matçını qeyd etsək yetər. Hərçənd bu siyahını olimpiya təsnifat yarışları, dünya və qitə çempionatları ilə xeyli zənginləşdirmək də olar.

Bir sözlə, planetar miqyaslı yarışlara yüksək təşkilatçılıq bacarığı mərhələ ilə dünyanın ən reytinqli turnirlərinin rahatlıqla həvalə edilməsinə yol açıb. Əlbəttə, hər bir turnirin ölkəmizə etibar edilməsinin arxasında böyük zəhmət dayanır. Avropa futbol çempionatı bu mənada tarixdə xüsusi yer tutacaq. "Avro-2020" bütün qitəyə səpilməsi ilə yaddaşlara həkk olunacaq.

Bu nüfuzlu yarışın 11 ev sahibi arasında Bakı da var. Pandemiya səbəbilə bir il təxirə salınan yarış, həm də UEFA-nın tribunalarda azarkeş olması tələbi ilə razılaşmayan iki şəhərin imtinasına səbəb oldu. İspaniyada Bilbaonu Sevilya əvəzlədi. Dublinin matçları isə Sankt-Peterburq və Londona həvalə edildi.

Beləliklə, namizədliyi təsdiq edilənlər arasında Azərbaycan paytaxtı da yer almaqla bu möhtəşəm idman bayramının ev sahiblərindən birinə çevrildi.

"A" qrupunun qarşılaşmaları Roma və Bakıda keçiriləcək. Paytaxtımız daha sonra 1/4 final mərhələsinin qarşılaşmasını da qəbul edəcək.

Azərbaycan milli komandasının uğursuzluqlarından sonra bu tarixi yarışın bizim üçün iştirakçılarla bağlı təsəllisi azarkeşlik ediləcək komandadır: püşk Türkiyə millisinin yolunu Bakıdan salıb və bu səbəbdən turnir Azərbaycan üçün daha da doğmalaşıb. Açılış görüşünü Romada keçirəcək Türkiyə seçməsi isə sonrakı iki rəqibi ilə Azərbaycan paytaxtının Olimpiya stadionunda üz-üzə gələcək.

O da bəllidir ki, final mərhələsinə lisenziya qazandığından İtaliya hər üç görüşünü doğma divarlar arasında keçirəcək və Bakıya gəlməyəcək.

Ümumən, yarış iyunun 11-də Roma "Olimpiko" stadionunda başlanıb, düz bir ay sonra - iyulun 11-də Londonun "Uembli" arenasında final qarşılaşması ilə tamamlanacaq.

BATI YAR

Xəbər 364 dəfə oxundu.