"Neftçi" yeddi ildən sonra yenə çempiondur
Milli futbol mövsümünə yekun vurulub. Çempionatın taxt-tacı uğrunda yarışın taleyini cəmi bir oyun, həm də iki iddialının üz-üzə rəqabəti həll edib. Əslində, nəinki bu oyunu, hətta bütün çempionatı bircə dəqiqənin, yaxud sonuncu dəqiqənin yarışı da adlandırmaq olar. "Neftçi"nin böyük ümidlərlə əldə etdiyi, lakin meydangirliyinə həsrət qoyan bolqarıstanlı legionerin, nəhayət ki, qəflət yuxusundan ayılıb, ən lazım olan məqamda qolu vurması da yəqin çempionatın ən məntiqli nəticəsi və qiyməti sayılmalıdır.

Doğrudur, matçda hakimlərin mübahisə mövzusu olan qərarlarından danışılsa da, əslində, mənəvi olaraq "Neftçi" bu qələbəyə son dövrlərdə yüksələn, xüsusən həyatının ilk böyük məşqçi uğurunu əldə edən və Azərbaycan çempionu adını qazanan 11-ci mütəxəssis olan Samir Abasovun də zəhməti sayəsində daha yaxın və haradasa layiq idi. Çünki mövsümdə ilk səfər məğlubiyyətini alan "Qarabağ" özünə bənzəmədən qəribə eniş dövrünə qədəm qoymuşdu. Bunu klubun mənəvi yorğunluğu ilə əlaqələndirmək də olar. İllərdir dəyişməyən mənzərə və bu qədər Avropa meydanlarındakı təcrübəyə rəğmən Ağdam təmsilçisi heç böyümək, yeni yola qədəm qoymaq, oyununu inkişaf etdirmək istəmədi. Həmişə yüksəlmək istəməyən və buna görə də qeyri-sabit, tarazlığa uyumayan rəqibləri sayəsində çempionluğa yüksələn komanda artıq yeni qərarlar verməlidir. Əks-təqdirdə komandanı dərin depressiya da gözləyə bilər. Finala bərabər oyundan sonra ən müsbət məqam Qurban Qurbanovun rəqibi təbrik etməsi oldu.

Tarixində iki əlamətdar hadisəyə imza ataraq 9-cu dəfə çempion olan və 19-cu dəfə mükafatçılar sırasına düşən "Neftçi"yə gəldikdə, komanda nə qədər yüksəlişli oyun göstərsə də, bunlar hamısı nisbidir. Çünki komandanın yüksəliş və inkişaf potensialına rəğmən daim meydandan və futboldan kənar mövzularla gündəmdə olması, oyun komponentlərinə də əsaslı təsir edirdi. "Neftçi" ad-sanına görə bu təzyiqlərə öyrəncəli olmaq məcburiyyətindədir.

Bütün çatışmazlıqlara rəğmən artıq "Neftçi"nin geri yolu yoxdur. Çünki Avropa klub kuboklarında qrup mərhələsinə düşməsə, bu mütləq uğursuzluq kimi dəyərləndiriləcək. Yeri gəlmişkən, buna qədər lazım olan reytinqi yığa bilməyən "Neftçi" Çempionlar liqasının təsnifatında səpələnməyənlər cərgəsində yer alacaq. Deməli, daha böyük səylərə və yeniliklərə ehtiyac var.

Premyer Liqada 300-cü oyununu keçirən "Sumqayıt"ın kubok uğursuzluğuna rəğmən tarixinin ilk medalını qazanması, əslində, hadisə sayılmalıdır. Lakin Azərbaycan çempionatları tarixinə 18-ci medal qazanan komanda kimi düşən kollektiv elə həmin sistem və kursla, strateji hədəflərlə irəliləmək istəsə, Avropa meydanında hətta Konfranslar liqası səviyyəsində belə uğursuzluğa məhkumdur. İnkişafın başlıca prinsipi isə böyüməyi bacarmaqdır. Bunun üçün kollektivin formalaşması və oyun quruculuğunda artıq yeniləşməyə başlamaq lazımdır.
Ümumən, mövsümün yekunlarını il boyu göstərilən oyunlara müvafiq və layiq saymaq olar. İndi görək "Qarabağ"ı uzun müddətə uzurpasiya etdiyi taxtdan salan "Neftçi" yeni mövsümdə digər komandalara da ibrət və nümunə olacaqmı? Bunun üçün komandalar ciddi transfer hədəfləri ilə yeni mövsüm barədə daha erkən düşünməyə başlamalıdırlar.

Hələlik isə, 2013-cü ildə sonuncu dəfə çempion olan "Neftçi" yeni tarixi yüksəliş imkanları üzərində düşünməli, "Qarabağ" isə buna cavab verməyə hazırlaşmalıdır.

BATI YAR

Xəbər 370 dəfə oxundu.