Karateçilərimiz Xorvatiyada keçirilən Gənclər Liqasında uğurla çıxış ediblər
Xorvatiyanın Poreç şəhərində Dünya Karate Federasiyasının (WKF) Gənclər Liqası - mövsümün ikinci turniri başa çatıb.

Azərbaycan Milli Karate Federasiyasının mətbuat xidmətindən Azsport.az saytına bildiriblər ki, kadetlər arasında 57 kiloqramadək final görüşündə idmançılarımız Məhəmməd Xamoyev və Salman Əlirzayev üz-üzə gəliblər. M.Xamoyev qalib gələrək qızıl medala sahib olub. Eyni yaş qrupunun 70 kiloqramadək görüşlərinin həlledici qarşılaşmasında da həmyerlilərimiz qarşılaşıblar. Rumil Cəfərli Xudaş Ağayevi məğlub edərək çempion olub. Kadetlər arasında daha bir gümüş medalı Aysu Əliyeva (47 kq) əldə edib. U-14 turnirində İsmayıl Xamoyev birinci, Ələddin Məlikov (hər ikisi 45 kq) isə üçüncü yeri tutublar.

Gənclər Liqasına 50 ölkəni təmsil edən 1590 idmançı qatılıb. Yarışda 29 idmançımız iştirak edib. Turnir avqustun ikinci yarısı Finlandiyanın Tampere şəhərində yeniyetmə və gənclər arasında keçiriləcək Avropa çempionatına son hazırlıq xarakteri daşıyıb.

Xəbər 350 dəfə oxundu.