Dünya çempionatının keçirildiyi zalın tərtibatında akrobatımızın simvolik siluetindən istifadə olunub
İsveçrənin Cenevrə şəhərində akrobatların daha bir yarışı baş tutub. Belə ki, akrobatika gimnastikası üzrə dünya yaş qrupları yarışlarının ardınca bu növ üzrə dünya çempionatı keçirilib.

Azsport.az Azərbaycan Gimnastika Federasiyasına istinadla xəbər verir ki, yarışda ölkəmizi Ağasif Rəhimov və Raziyə Seyidlidən ibarət qarışıq cütlük, Murad Rəfiyev və Daniel Abbasovdan ibarət kişi cütlüyü təmsil edib.

Bu çempionat akrobatlarımızın pandemiya dövründə iştirak etdiyi ilk irihəcmli yarış idi. A.Rəhimov və R.Seyidli daha əvvəl digər proqramlarda çıxış ediblər. Amma cütlük olaraq onlar bu ildən yarışlara qatılırlar. Bu çempionatda onlar ən yaxşı nəticələrini temp hərəkətlərində nümayiş etdirərək, 7-ci olublar.

Avropa çempionatının gənclər yaş qrupunda üç qat mükafatçısı olan kişi cütlüyümüz də bu ildən etibarən böyüklər arasında çıxışlarını nümayiş etdirirlər. Yarışda onlar ən yaxşı nəticələrini qarışıq hərəkətlərdə göstəriblər (9-cu yer).

Yarışda gimnastımız A.Rəhimov maraqlı bir halla qarşılaşıb. Belə ki, dünya çempionatının keçirildiyi zalın tərtibatında akrobatımızın simvolik siluetindən istifadə olunub.

Xəbər 371 dəfə oxundu.