Türkiyədə kəmər döyüşündə qalib gələn kikboksçumuz Şikar Bədəlov Vətənə qayıdıb
Türkiyənin Konya şəhərində kəmər döyüşündə qalib gələn kikboksçumuz Şikar Bədəlov Vətənə qayıdıb.

Kikboksçumuz üçün Heydər Əliyev Beynəlxalq Aeroportunda qarşılanma mərasimi keçirilib.

İranlı İbrahim Xezai ilə qarşılaşan Ş.Bədəlov elə birinci raundun ilk dəqiqəsində rəqibini nokautla məğlub edib. Aeroportda böyük coşqu ilə qarşılanan idmançımız bu qələbəni şəhidlərimizə, qazilərimizə və hərbçilərimizə həsr etdiyini bildirib.

Ş.Bədəlov deyib: “44 günlük Vətən müharibəsindən sonra, sanki xüsusi motivasiya ilə döyüşlərə çıxıram. Qalib xalqın idmançısına da yalnız qələbə yaraşır. Bu qələbəmi şəhidlərimizə, qazilərimizə və hərbçilərimizə həsr edirəm. Döyüşə gəlincə, rahat alındı. İlk saniyələrdə qazandığım üstünlüyü elə ilk dəqiqədə nokauta çevirdim. Artıq kəməri rəqibimdən aldım. Daha bir döyüşə çıxıb kəməri müdafiə edəcəyəm. Bu uğurumda ən böyük pay sahiblərindən biri də məşqçim Hikmət Hacıyevdir, ona təşəkkür edirəm".

Kikboksinq üzrə millimizin böyük məşqçisi, Əməkdar məşqçi Hikmət Hacıyev bu uğurun təsadüfi olmadığını vurğulayıb: "Bu qələbə təsadüf deyil. Çəkilən əziyyətin bəhrəsidir. Şikarla fəxr edirəm. Əzmlə məşq edib, istəyinə nail oldu. Ümid edirəm ki, müdafiə döyüşündə də qələbə qazanacaq".

Xəbər 380 dəfə oxundu.