111 oyunun şahı, sultanı gəlir
Həqiqi liderlərin əyani dueli

Cəmi bir tur. Cəmi bir oyun. 28 tur və yaxud 121 oyunun şahı - cəmi bircə oyun. Bu günə qədər mövsümdə 3 dəfə üz-üzə gəlmiş çempion "Qarabağ" və ölkənin ən titullu klubu "Neftçi"ilin həqiqi liderini əyani mübarizədə aşkar edəcəklər.

Bəli, Azərbaycan milli futbol çempionatının Premyer liqasında hər şeyi bəlli edəcək yekun tur yeni və yaxud köhnə-təzə çempionu taxta çıxaracaq.

Bu qarşılaşmaya qədər hər iki komanda, elə proqnozlaşdırdığımız kimi, sadəcə, dözüb və hər tur meydanda oyundan çox qorxu içində hirs nümayiş etdirib. Əlbəttə, böyük hesablı qələbələr qazanılan matçlarda bu, aşkar hiss olunmaya bilər. Lakin komandalar əsl tamaşa və potensial imkanların nümayişindən çox-çox uzaqdırlar. Əlbəttə, son 3 turda "Qarabağ"ın keçmiş üzvü, lideri və tarixinin ən parlaq oyunçularından biri olan Rəşad Sadıqovun komandasından cəmi bir xalı qopara bilməsindən də çox bəhs etmək olar. Elə dediyimiz qorxu və hürkünü bu matçda da izlədik. Təbii o matçın nəticəsinin həll etdiyi bir problem var: mövsüm xal bərabərliyi ilə bitməyəcək. Elə, ya belə olsa da, çempion olmaq üçün fürsətləri bir-bir əldən verən və az qala daha bir faciələr mövsümü yaşamaqda olan "Neftçi"nin qalib gəlməkdən başqa şansı qalmayıb. "Qarabağ" isə sülhlə də kifayətlənə bilər. Deməli, bizi qarşıda daha maraqlı mübarizə ilk əvvəl taktiki seçimlərdən gözləyəcək: kim nəyə və nə üçün üstünlük verəcək?

Bir-birinə oyun üslubü, heyəti, taktiki planlaması, strateji və təfəkkür hesablamaları, həm də fiziki və funksional kondisiyası ilə zidd olan iki klubun rəqabətindən nə istəsən gözləmək olar. Gözləmək demişkən, yüz cür oyun planı cıza biləcəyimiz bu matçda, fikrimcə, məhz gözləmə mövqeyi tutan məğlub olacaq. Elə başını aşağı salıb irəli atılan da uduzacaq. Bu mövsüm ilk dəfə məhz ağıl futbolu görmək imkanımız olacaq. Son oyun, bir hədəf, seçimi olmayan bu qarşılaşmada hər iki tərəfin futbolçularının sanki həyatlarının son matçına çıxırmış kimi mübarizəyə köklənməsi çox vacib olacaq. Məndən olsa, bu oyuna lap VAR da təyin edərdim, hakimlərin sayını da artırardım. Bilirsiniz nə üçün - matçın, çempionatın, böyük tarixin taleyini hakimlik həll etməsin deyə. Ehtiyat etdiyim bir məqamdan da deyim, matçda cığallıq edən, hər qarışda etiraz edən, hər şeydə, nə bilim-nə deyim, hakimdən, qara qüvvələrdən, bədnəzərdən, taledən, daha nədən-nədən şikayətçi olan da mütləq uduzacaq. Elə uduzsa, yaxşıdır. Əsl lider, əsl qəhrəman sona qədər meydanda mübarizə aparanlar.

Bir sözlə, yadımda deyil, sonuncu dəfə nə vaxt belə bir rəqabət həsrətində olmuşam. Amma, ən azı, oyunun ilk dəqiqələrini izləmək istəyirəm. Qalanını isə qarşılaşmanın gedişi göstərəcək. Bu arada rəqibin bazasından xəbər olan məşqçi də qazanacaq.

Əlbəttə, hər şeyi çempionluq savaşına kökləmək olmaz. Bürünc medalın da taleyi son turda həll olunacaq. Daha doğrusu, yalnız qələbə qazanmalı olan "Sumqayıt" daha çox "Zirə"nin məğlubiyyətinə bel bağlamalıdır. Beləcə, Rəşad Sadıqov böyük məşqçilik karyerasına medalla başlamaq üçün artıq hər şeyi öz əlində saxlamaq həddinə gəlib çatıb. Bu xüsusda çox şey söyləmək istəməzdim. Lakin o, məşqçi kimi uğurlu olmaq istəyirsə, qaliblər kimi düşünməli və belə də davranmalıdır. Əks təqdirdə, çox şey itirəcək. Elə onun qiyabi rəqibi olan və düz-əməlli ciddi və güclü komanda qurmaq imkanı əldə edə bilməyən "Sumqayıt"lı Ayxan Abbasov kimi.
Son tura nöqtə qoya bilən daha bir oyun isə "Keşlə"nin "Qəbələ" ilə duelidir.
Qələbədən svayı bakılıların istənilən nəticəsi bütün sualları çözəcək. Əks-təqdirdə isə digər prinsipial rəqiblərin də nəticələri sayğacını işə salacaq.

Bir sözlə, mövsümün son turunun az qala hər oyununda bir məna, bir səbəb, bir rəqabət kökü var. Görək sabah nə olur və necə olur, nə baş verir və necə baş verir?
Bir də yaddan çıxarmayaq, mövsümün nöqtəsini ölkə kubokunun "Sumqayıt" - "Keşlə" oyunu qoyacaq: mayın 24-ü, Masazırdakı stadionda.

BATI YAR

Xəbər 382 dəfə oxundu.