Avro-2022: Final mərhələsinə ümidlə getmək üçün nə etməli
Tarixdə ilk dəfə yeni formatda keçirilən seçmə qrup mərhələ yarışını məğlubiyyətsiz başa vuran Azərbaycan milli futzal komandası qitə çempionatına nikbin ovqatla yollanır.

Ümumiyyətlə, komandanın sükançısının da qeyd etdiyi kimi, yeni format futzal komandalarına yeni şans verir. Bununla kollektivlər optimal hazırlıq formasında qalmaqla, cəmi bir neçə gün deyil, aylarla davam edən yarış formatında həm hazırlıq, həm oyun obyektivliyinə nail olurlar. Bu, həm də qitə futzalının inkişafına bir töhfədir. Bu format sağlam yarış mühiti yaratmaqla, həm də komandalara daha uzunməqsədli planlar cızmağa kömək edir. Xüsusən, pandemiya şəraitinə təsadüf edən yeni qaydalar milli komandamıza da bir fürsət oldu. Buna qədər demək olar ki, bir ilə yaxın müddət ərzində normal məşq şəraiti belə olmayan kollektiv, 3 ay ərzində nəinki optimal forma toplaya bildi, həm də düzgün qurulmuş oyun planı sayəsində kritik günləri geridə qoydu. Oyun planında bir sıra uğurlu gedişləri də izləmək xoş idi. Lakin bütün bunlar gələn ilin əvvəlinə qədər inkişaf etdirilməlidir. Bunun üçün millinin normal hazırlıq planı cızılmalıdır. Bu mənada maksimum qüvvə daha güclü rəqiblərlə oyunlara yönləndirilməlidir.

Komanda mümkün qədər təlim-məşq toplanışlarında seriyalı oyunlara da üstünlük verməlidir. Yığma üzvlərinin klublardakı oyunları da nəzərə alınmaqla, bu plan optimal qrafik üzrə təşkil edilməlidir.

Qitə çempionatının final mərhələsi 2022-ci il yanvarın 19-dan fevralın 6-dək Niderlandda (Amsterdam və Qroningen şəhərləri) keçiriləcək. Yarışın 16 komandasından 15-nin adı bəllidir. Buna qədər xəbər verdiyimiz kimi, də ilk dəfə bu hüquqa qonşu Gürcüstan ilə Bosniya və Herseqovina milliləri sahib çıxıblar. İlk dəfə finallara yollanacaq komandalar arasında Finlandiya və seçmə qrup yarışında futzalçılarımızın rəqibi olmuş Slovakiya da yer alır. Ev sahibləri və millimizlə yanaşı, sonuncu çempion Portuqaliya, habelə Xorvatiya, İtaliya, Qazaxıstan, Rusiya, İspaniya, Polşa, Sloveniya və Ukrayna da qitə futzal sammitinin iştirakçılarıdır.

BATI YAR

Xəbər 362 dəfə oxundu.