Son dövrə - son şans
Hondanın gəlişinin "ağ-qaralar"ın oyununa müsbət təsir göstərə bilməsi ehtimalı Qəbələdəki matçda da özünü doğrultdu.

Komandanın yaratdığı bir sıra qol epizodları məhz onun iştirakı ilə hazırlandı. Doğrudur, Hondanın hələ tam uyğunlaşma keçə bilməməsi, həmkarları ilə anlaşması üçün müəyyən vaxta ehtiyac olması qarşılaşmada da əyani göründü. Həmçinin yaponiyalı futbolçunun fiziki hazırlığında da müəyyən problemlər aşkardır. Bununla belə, "Qəbələ" ilə dueldə itirilən xal, ilk növbədə, paytaxt klubunun özünün yersiz problemi kimi qələmə verilə bilər. Axı, bu məqamda da komanda idman hirsini, qəzəbini ortaya qoya bilməyəcəksə, nə vaxt buna nail olacaq. Ən azı, ilk hissədə "Neftçi" meydanda, heç bir oyun istəyi ilə yadda qalmadı. Yalnız rəqib hesabı açdıqdan sonra təzyiqi artırmaqla "sülh"ü bərpa edə bildi. Qarşılaşmanın qədərini dəyişməyə isə bir az vaxt, bir az da güc yetmədi.
Ümumiyyətlə, belə məqamlarda "Neftçi"nin oyunundakı natamamlıqlar özünü əyani şəkildə büruzə verir. Bundan sonra vəziyyəti dəyişmək üçün çox səy göstərilməlidir və oyun planında dəyişikliklər edilməsi zəruridir.

"Qarabağ" ötən turdakı tempi artıra bilsə, yəqin ki, əlçatmaz olmaq üçün hər bir fürsəti əldə edəcək. Bunu bir oyunda - "Sumqayıt"la görüşdəki qələbəyə bağlayaraq söyləmək, sözsüz, erkəndir. Yəqin qarşıdakı iki tur ərzində bəzi məsələlərə aydınlıq gətiriləcək.

Əlbəttə, çempionatın taleyinin həlli son tura qədər təxirə salına bilər. Belə olarsa, iki lider klubun əyani dueli əsl həqiqətləri üzə çıxaracaq.

Finişə 6 tur qalmış turnir cədvəlinin aşağı hissəsində gərginlik artmaqdadır. "Sabah"ın baş məşqçisinin qarşılıqlı razılıq əsasında istefa verərək vətəninə yollanması və Ramil Quliyevin mövsümün müvəqqəti əvəzləyici kimi sükan arxasına keçməsi, komandanı bir qədər hərəkətə gətirib. Ən vacibi komanda, nəhayət ki, qələbə üzünə həsrətə son qoyaraq, son pillədən qurtulmaqla bir qədər ümidlənib. Üstəlik, ən prinsipial rəqiblərdən biri sayılan "Qəbələ" üzərində qələbə komandanın psixoloji gərginlikdən çıxması üçün başlanğıc ola bilər. Mövsümün sonuna doğru, yəqin, bu son pillələrdə qərar tutmuş kollektivlər həm mövsümü major notla başa vurmaq üçün, ən əsası, gələcək baxımından prinsipial qərarları verməyə başlaya bilərlər.

"Zirə" ilə "Sumqayıt" arasında medal uğrunda prinsipial rəqabət də gündəmdə qalır. Ötən turlar bu mənada birmənalı qiymətləndirilə bilməz. "Zirə" haradasa xal üstünlüyünü qorumağa çalışsa da, artıq oyun planında bəzi gərginlikləri arxada qoymalıdır. Bu təzyiq komandanın oyununda əksini tapır. "Zirə"nin potensialı ilə seçdiyi taktiki hədəflər arasında da bir qədər uyğunsuzluq var. Komandanın bütün rəqibləri üçün daha yüksək mərtəbə komandası kimi qəbul edilməsi şəksizdir. Zənnimcə, məhz bu "Zirə"yə mənəvi üstünlük verə bilər. Bunu əsas götürərək, rəqibləri təzyiq altında saxlamaqla oyuna başlamaq və bir qədər ön plandan oynamağa çalışmaqla çox şeyə nail olmaq mümkündür. Əlbəttə, bunun müdafiə komponentlərinə zərbə vurması da mümkündür. Hərçənd risk etmədən nəyisə üzə çıxarmaq da bundan sonra mümkün olmayacaq.

"Sumqayıt"a gəldikdə, hər zamankı kimi, prinsipial məqamlarda bir-birindən fərqli oyun göstərir. Bir tur əvvəl "Neftçi"yə münasibətdə "Qarabağ"la görüşdə seçilən fərqli oyun tərzi komandanın natamam oyununun əsas səbəblərindəndir. Klub hələ də sabitlik üçün yetkin simasına nail ola bilməyib. Buna görə də meydanda futbolçuların bəzən nə edəcəklərini bilməməsi hiss olunur. Bu təsiri bağışalayan oyun isə funksional çatışzmazlıqlara qədər faydalı iş əmsalını ən aşağı həddə salır.
Qarşıda qısa marafon qalır. Komandaların, əməli olaraq, düşünməyə vaxtı qalmayıb və qalan hər oyun üçün seçiləcək strateji vəzifələr müəyyənləşdirilməlidir.

BATI YAR

Xəbər 369 dəfə oxundu.