Oyundan çox ümid axtarışında
Bu gün çox şey bəlli olacaq

Azərbaycan milli futbol komandası növbəti rəsmi matçlar seriyasına mundial seçmələrinin birinci qrupunda çox maraqlı - oyun üslubu, tərzi, strategiyası ilə bir-birinə bənzəməyən rəqiblər arasında başlayıb.

Bu səbəbdən milli komanda hər oyuna taktiki, strateji, kombinasiya elementləri, yeri gələrsə, hətta heyət seçimi ilə fərqli yanaşmalıdır. Deməli, komandanın bu qədər parçalanmış, rəngarəng vəziyyətdə haradasa öz xarakteri, seçilib oturaqlaşmış oyun tərzi də olmalıdır. Başqa sözlə, cizgiləri tam bilinməsə belə, öz siması, məzmuna tam yaxınlaşmasa belə, öz forması, axtarışlar fonunda olsa belə, öz dəst-xətti olan komandadan söhbət gedir. Bunun üçün sükançının ötən ilin sentyabrından bu yana vaxtı olub. Söz yox ki, onun komandanı qış fəslində əyani meydanda yoxlamasına şərait yaradılmadı. Bununla belə təcrübəli mütəxəssisin milli çempionatda görüb-götürdükləri də nələrəsə yetərli olmalı idi.

Bunları onun üçün qeyd edirəm ki, sükançıya müddətsiz axtarışlar üçün kard-blanş verilməməlidir. Buna qədər belə yanaşmaların acılarını, xüsusən Foqtslu millinin əzablarını çox çəkmişik. Bu gedişlə nağıllara da son qoyulmaz. 2022-ci ilin Dünya kuboku uğrunda debüt oyunu barədə qeydlərə belə başlamağımın daha bir səbəbi meydanda gördüklərimdir.

Lakin Ronaldunun da cidd-cəhdlə canfəşanlıq etmədiyini də bəri başdan söyləyək. Dalbadal üç mühüm oyun seriyasına çıxan Atlantik sahili komandası rəqibini layıqıncə qiymətləndirməklə yanaşı, meydanda tam qüvvəsini qoymamağı da əsas vəzifəyə çevirmişdi. İlk hissədə meydanda rəqib görməyən portuqallar istəklərinə məşqvari yerişlə çatdılar. Komandamız qol buraxmamaq vəzifəsinə nail olmadığından ikinci hissəyə heç olmasa fərqli oyunla başlamaq məcburiyyətində idi.
İkinci hissədən ümidlə bəhs etməyək; qol epizodları yaradılsa belə, meydana tam nəzarət rəqibdə idi. Milli komandamız milliləşdirilmiş yeni futbolçularının gətirdiyi nəfəslə az-çox yeniləşmiş, hətta oyun tərzi də dəyişmiş kimi görünür. Amma təpərin yetərli olmadığı hər addımda hiss olunur. Təpərin nə olduğunu bilmək istəyənlər isə Serbiyanın Portuqaliya ilə oyununu izləyə bilər. Bu barədə çox parallellər aparmayım. Yalnız onu deyim ki, oyunda ən vacib məsələlərdən biri faydalı iş əmsalıdır. Bu isə ayrı-ayrı qiymət elementlərinin cəmindən formalaşır. Taktiki vəzifələrin icrasını qənaətbəxş adlandırmaq istəməzdim. Əks-təqdirdə baş məşqçinin oyun üçün seçimi tənqid olunmalıdır. Əlbəttə, qapıçının oyunu bir sıra epizodlara görə təriflənə bilər, lakin buraxılan qolun və başqa bir neçə epizodda onun səhvləri, supermenlərin yalnız filmlərə, əsatirlərə xas olduğunu bir daha isbatlayır. Bunu qolkiperin bu səviyyədə yetərsiz təcrübəsinə və müdafiədən görmədiyi dəstəyə, eləcə də kompleks olaraq bir-biri ilə anlaşma zəifliyinə yozmaq olar. İkinci vacib məqam müdafiə redutu ilə bağlıdır. Məşqçinin seçimi müzakirə olunmasa da, effektivlik şkala ilə ölçülməlidir. Bu sıradakı futbolçuların sinxron oyunu, cinahlarla birlikdə vəhdətə çevrilməsi hədsiz böyük səy, tarazlıq tələb edir ki, gördüyümüz qarışıqlıq və ya bir nəfərin səfdən çıxması ilə anarxiya yaranmasın. Heç olmasa, fiziki kondisiya, funksional yetkinliyə nail olmaq lazım gələcək.

Orta və ön xətt, eləcə də quruculuq planında komandanın əyər-əksikləri də məşqçinin yanlışlıqlara yol vermək ehtimalını göstərir. Bu əyər-əskiklər və şübhələr içində də ümid işığı var. Ən əvvəl, məşqçinin öz baxışını meydana və futbolçulara təlqin etmək istəyi hiss olunur. Onun taktiki prizması bu gün üçün ən doğru olanıdır. Çünki müdafiə yönümlük və belə meyllər sezilsə də, hücuma yeni quruluş nəfəsinə cəhd var. Byazi öz fəlsəfəsi ilə nələrisə edə biləcəyini göstərir. Lakin onun işindən nə qədər bərk yapışıb yapışmayacağı AFFA rəhbərliyinin üzərinə düşən öhdəlikdir.

Mənimçün bu gün növbəti məsul oyununa çıxacaq komandanın əsl sınağı indi başlanır. Qarşıda isə milli komandanı yoxlama oyunlar seriyası gözləyir. Buna görə də keçirdiyi ilk rəsmi matçdan çox məni təəccübləndirən Qətərlə yoxlama görüşündəki oyunbazlıq oldu.

Rəsmi görüşlər ərəfəsində bu qarşılaşma onun üçün əhəmiyyətlidir ki, Qətər mundiala hazırlaşdığından optimala yaxın oyun göstərir. İlk dəqiqələrdə gördüyümüz oyun və hesab açıldıqdan sonra komandanın cəfəngiyyatla məşğul olması təəccübün əsas səbəbidir. Bunun növbəti məsul oyun ərəfəsi taktiki fəndgirlik olmasına heç vəchlə inanmaq olmaz. Çünki heyət eksperimental, oyun eksperimental - serblərə nə agah ola bilər ki. Onsuz da onunla oyuna fərqli futbolçular, fərqli taktiki üslübla çıxılmalıdır.

Əgər məşqçi komandanın 90 dəqiqə ləngər vura-vura nəyəsə nail ola biləcəyini yoxlamaq fikrində idisə, deməli, kimlərisə ələ salmaq fikrindədir. Çünki bu tərzlə onun bizə sübut edə biləcəyi heç nə yoxdur.

Onsuz da hər güclüyə minimal hesablı məğlubiyyəti toy-bayrama çevrilən milli komanda fərqli münasibət erasına daxil olur. Çünki bu tərif seriyaları davamlı ola bilməz. Xatırlayanlar bilər ki, vaxt var idi, nəticə deyil, məhz oyun və onun elementlərinə görə komandaya qiymət verməyə çalışılar, taktiki müzakirələr aparılardı. Sonralar möcüzə baş veribmiş kimi, minimal hesablı məğlubiyyətlərin uğur kimi qələmə verilməsinə meyllər, hələ üstəlik, oyunçulara kifayət qədər böyük ölçülü "turistik", "milliyə dəvətə və iştiraka görə" mükafatların verilməsi də olub.

Yeri gəlmişkən, Rusiya millisinin lideri və kapitanı Dzyubanın millidə həmişə var qüvvəsilə oynaması barədə oyunsonrası açıqlamasının səmimiyyəti fonunda Azərbaycan millisinin oyunçularına veriləcək mükafatlar barədə yayılmış şayiələr daha çox ikrah təzadına bənzədi. Əlbəttə, bu, təsdiqini taparsa, əsl futbolsevərlərə təhqirdən başqa bir şey olmayacaq. Məncə, mükafat meydanda var qüvvəsi ilə oynamadığı üçün "Kriştianu və Co"ya düşməlidir.

Əsla, şərəflə bağlı dediklərimdə pafoslu Vətən ritorikası, vətənpərvərlik bağı axtarmayın. Milli komandanın forması futbolçuya şərəf gətirməklə, ona bir çox başqa üstünlüklər də verir. Ötən illərdə bundan kifayət qədər bəhrələnənlər olub. Yüngülvari qeyd etsək, futbolçu milli komandaya dəvət almaqla, artıq diqqət mərkəzinə düşür, bu isə onun öz və başqa klublarla maliyyə bazarlamasına təsir göstərir. Bu dəfə də Qətərli meydan səyahəti ilə milli komandanın köynəyini daha bir neçə futbolçu ilk dəfə və yaxud özünə lazım olan anda geyinə bildi - amma könül istərdi ki, bu, daha çox şərəf məsələsi olsun.

Çox danışmaq istəməzdim, lakin görünən dağ deyir ki, AFFA-nın illik maliyyə hesabatlarının da göstərdiyi kimi, külli-ixtiyar vəsaitlərin milli komandalara yönləndirilməsinə yenidən baxılmalıdır. Ümumiyyətlə, milli komanda ilə bağlı maliyyə məsələləri ciddi tənzimlənməlidir, yoxsa təzadlardan başlayan məchullara çox şahidlik edəcəyik.

Meydana qayıdıb yekun olaraq qeyd edək ki, yeni komanda formalaşdıran sükançı üçün bu il nəinki imtahan-sınaq, həm də hesabat ili olmalıdır. Yoxsa Foqts erasının nağıllarının davamı, deməli, bəhərsiz illərə biri və ya bir neçəsi də əlavə olunacaq. Buna paralel olaraq, baxışların əsl hədəflərə yönləndirilməsinə ümid yaranmalıdır. Çünki illər ötdükcə, futbol bayağılaşır və sadəcə, nüfuzdan düşür, dayaqlarını itirir və hər dəfə ortaya çıxan bir-iki yeni adla və bir neçə milliləşdirilmiş adla ayaqüstə qalır. Bu isə heç vəchlə inkişaf meyarı ola bilməz.

İki oyundan estafeti alacaq bügünkü görüş üçünsə meyar budur: oyundan və nəticədən çox ümid axtarışındayıq. Bu ümidin cücələrini payızda saymağa başlayacağıq. Deməli, yenə vicdanla həqiqət arasında yüksəliş və ya uçurumdayıq.

BATI YAR

Xəbər 357 dəfə oxundu.