Honda “Neftçi”də
"Neftçi" mövsümdə bəlkə də ən əhəmiyyətli transferini rəsmiləşdirərək məşhur yaponiyalı futbolçu Keysuke Honda ilə mövsümün sonunadək müqavilə imzalayıb.
2008-2018-ci illər ərzində o, Gündoğar ölkənin milli komandasında 98 oyun keçirərək 37 qol vurub. 2010-cu ildən başlayaraq 3 dünya çempionatının iştirakçısı olub.

Niderland "Venlo"su və "Vitess"ində, Rusiya SSKA-sında, ən əsası, İtaliya "Milan"ının formasını geyindiyi dövrlərdə ona maraq kifayət qədər idi.

4 nömrəli forma ilə çıxış edəcək 34 yaşlı yarımmüdafiəçi yoxlama oyunda da qüvvəsini sınayıb, meydanı qolla tərk edib. "Ağ-qaralar"ın 21 yaşadək futbolçulardan formalaşmış milli komandanı 3:1 hesabı ilə məğlub etdiyi matçda meydanda olduğu 45 dəqiqə ərzində Keysuke penalti zərbəsindən toru silkələyib və daha sonra bir məhsuldar ötürmə verib.

Yaponiyalının gəlişini Azərbaycan futbolunda növbəti hadisə kimi də qiymətləndirmək olar. Onun gəlişi "Neftçi"ni gücləndirməklə yanaşı, təbliğat baxımından da xüsusi əhəmiyyət kəsb edəcək.

Ən əvvəl, Hondanın hazırlığının bunaqədərki oynadığı futbolun Azərbaycan çempionatı səviyyəsi ilə müqayisə aparsaq, onun meydanda çətinlik çəkmək ehtimalı azdır. Zədə almasa, futbolçu bununla komandasına xeyir vermək iqtidarında olacaq. Hazırda həm də məşqçi kimi qüvvəsini sınayan Honda üçün "Neftçi"nin məşqçilərinin verəcəyi tapşırıqlar da sirr olmayacaq. Deməli, ortaq məxrəcə gəlmək mümkün olsa, o, meydanda komandasını idarə edəcək və onun oyununu gücləndirmək imkanı da qazanacaq.

Hondanın gəlişindən, ən azı, "Neftçi" gənc nəsli əyani nümunə, uşaq futbolunun təmsilçiləri də master-klaslar ala bilərlər. Bir sözlə, komanda 2-aylıq müddətə olsa belə, bu futbolçunu piar-təbliğat, futbola yeni maraq baxımından kifayət qədər istifadə edə bilər.

Əlbəttə, buna qədər də ölkəmizə Mpenza, Essyen kimi futbolçular gəlib. Onlardan yetərincə istifadə olunmaması isə artıq klubların bu məsələlərə çox diqqət ayırmaması və bundan yetərincə istifadə edə bilməməsi, yaxud etdiklərini lazımınca təbliğat maşınına çevirə bilməmələri ilə bağlı olub.

Honda ölkəsində məşhur simadır. Bu il Azərbaycanda qitə çempionatının final mərhələsi oyunlarının keçiriləcəyini də nəzərə alsaq, əlavə təbliğat üçün Honda ən münasib vaxtda gətirilmiş futbolçudur.

Bu futbolçu özü də klub forması geyindiyi 7 ölkənin hər birində maraqlı sosial fəaliyyəti ilə yadda qalıb. Azərbaycan da bu mənada istisna təşkil etməyəcək. Yapon futbol samurayının ölkəmizlə bağlı bir sıra layihələrə cəlb olunması isə qarşıdakı müddətdə "Neftçi"nin korporativ sosial məsuliyyət çərçivəsində ölkəmizə verə biləcəyi töhfələrdən biri ola bilər.

Bir sözlə, Honda Azərbayacana gətirilibsə, onun adı, oyunu, şəxsiyyətindən yalnız faydalanmaq lazımdır.

Əlbəttə, karyerasını necə və nə vaxt başa vuracağını söyləmək çox çətin olsa da, başladığı məşqçilik karyerasını uğurla davam etdirmək üçün Azərbaycan futbolu da onun köməyinə gələ bilər. Zənnimcə, "Neftçi" ilə Avropa klub kuboku arenasına çıxıb bundan bəhrələnə bilsə, rahatlıqla seriyanı yeni imicdə davam etdirməsi üçün ən münbit şərait yarana bilər.

Ümumiyyətlə, bu tip çox məsələlərdən bəhs etmək olar. Lakin hələlik bu məqamları diqqətdə saxlamaq yetər və zərurət əsasında zamanla digər mövzuları da dilə gətirmək fürsəti olacaq.

BATI YAR

Xəbər 354 dəfə oxundu.