Əsas vəzifə ilk iki yerdən birini tutmaqdır
Yanvarın 29-da Azərbaycan milli futzal komandasının 2022-ci il qitə çempionatının final mərhələsi uğrunda həlledici mübarizə başlayacaq.

Gələn il yanvarın 19-dan fevralın 6-dək Niderlandda təşkil ediləcək yarışa seçilən 15 komanda arasında (ev sahibi birbaşa vəsiqə qazanır) yer almaq üçün əsas vəzifə qrup təsnifatında 8 qalib arasında yer almaq və ya ikinci yeri tutanlar arasında 6 ən yaxşı nəticədən birinə nail olmaqdır. Bunun üçün millimiz 3-cü qrupda Yunanıstan, Slovakiya və Moldova yığmaları ilə rəqabətdə fərqlənməlidir.

Budəfəki yarış ev-səfər prinsipi ilə keçiriləcək. Azərbaycan komandası debüt matçında Slovakiyanı qəbul edib sonra Yunanıstan səfərinə çıxacaq. UEFA ardıcıl keçiriləcək ilk iki turun hakimlərinin adlarını açıqlayıb.

Yanvarın 29-da saat 18:00-da Bakı İdman Sarayında başlanacaq Slovakiya ilə qarşılaşmanı Rusiyadan olan qadın hakim İrina Velikanova, eləcə də, Yuri Neverov yönəldəcəklər.

Üçüncü hakim yerli referi Hikmət Qafarlı, saniyəölçən Knyaz Əmiraslanov olacaqlar. Fevralın 2-də Afinada keçiriləcək Yunanıstanla oyunu Niderlanddan İbrahim əl-Cilali və Lars Van Leeuven idarə edəcəklər.

Ümumiyyətlə, bütün oyunlar aprel ayının 14-də başa çatacaq. Qruplar arasında ikinci yeri tutub finala vəsiqə əldə edə bilməyən iki milli komanda pley-offda qüvvəsini sınamalı olacaq. İki görüşün nəticəsinə əsasən, qalib komanda da Niderlanda yollanmaq üçün bilet sifariş edə biləcək.

Azərbaycan milli komandası üçün bu turnir heç də asan olmayacaq. İlk öncə ona görə ki, yeni növ koronavirus ("COVID-19") pandemiyası futboldan çox futzala zərbə vurub. Uzun müddət qapalı zallarda idman yarışları və məşqlərin qadağan edilməsi sözünü deyir. Komandanın fiziki hazırlığı yetərli deyil. Bunu məşqlər də əyani nümayiş etdirir. Üstəlik, komandanın legionerləri də heyətə gec qoşulacaq. Bütün bunlara zədəliləri də əlavə etsək, oyun kondisiyasından çox futzalçıların daha çox psixoloji hazırlığı, qələbəyə köklənməsi vacib olacaq. Bunun üçün məşqçi korpusuna çox çalışmaq lazım gələcək.

Eyni zamanda, əsas vəzifələr sırasında qeyri-standart qərarlar da yer almalıdır. Bura xüsusi məşq formasında standart vəziyyətlərin ölçülüb biçilməsi də daxildir. Oyun elementlərindən müdafiə xəttinin çevikliyi çox mühüm əhəmiyyət kəsb edəcək. Bu mənada futzalçıların bir-birinə tez uyğunlaşması da əhəmiyyətli olacaq.

Futzal federsiyasının saytına açıqlama verən baş məşqçi Joze Alesiu Da Silva da fiziki hazırlığın natamamlığını önə çəkib. Buna rəğmən o, komandanın maksimum nəticəyə köklənəcəyini bildirib. Bir sözlə, demək olar ki, 10 aydan çoxdur ki, nəinki optimal, hətta fasiləli oyun hazırlığı keçməmiş bir kollektivin peşə vərdişləri imtahana çəkiləcək.

BATI YAR

Xəbər 355 dəfə oxundu.