Vətən müharibəsi şəhidlərinin xatirəsinə həsr olunmuş respublika turniri start götürüb
Vətən müharibəsi şəhidlərinin xatirəsinə həsr olunmuş yeniyetmələr arasında respublika turniri start götürüb.

Gəncə şəhər stadionunda atletika, Qusar Olimpiya İdman Kompleksində voleybol, Şirvan Olimpiya İdman Kompleksində basketbol, Lənkəran Olimpiya İdman Kompleksində mini futbol turnirlərinin zona mərhələlərinin açılış mərasimləri keçirilib. Tədbirdə tərəfdaş qurumların yerli idarəetmə orqanlarının nümayəndələri, eləcə də təhsil və idman ictimaiyyəti iştirak ediblər.

Zona mərhələsinin nəticələrinə görə, atletika üzrə birinci yerə Bərdə rayonu, ikinci yerə Gəncə şəhəri, üçüncü yerə isə Yevlax şəhərinin məktəbliləri layiq görülüblər. Voleybol yarışında isə ilk üç pillədə Abşeron rayonu, Qusar rayonu və Sumqayıt şəhərinin məktəbliləri sahib olublar. Şirvan şəhəri, Füzuli rayonu və Hacıqabul rayonunun məktəbliləri basketbol yarışlarında mükafata layiq görülüblər. Mini futbol yarışında isə Cəlilabad rayonu birinci, Lənkəran şəhəri ikinci, Biləsuvar rayonunun komandası isə üçüncü yerləri tutublar.

Turnirin əsasnaməsinə uyğun olaraq, zona yarışlarında birinci və ikinci yerləri tutan komandalar final mərhələsinə vəsiqə qazanıblar.

Yarışların zona mərhələsinin qaliblərinə diplomlar təqdim edilib.

Olimpiya sistemi üzrə altı zonada keçiriləcək turnirdə idmanın dörd növü üzrə ümumilikdə respublikanın bütün rayon və şəhərlərindən 2000-dən çox məktəbli iştirak edir.

Təhsil, Gənclər və İdman nazirlikləri, Milli Olimpiya Komitəsi, Azərbaycan Məktəb İdmanları Federasiyasının təşkilatçılığı ilə 2021-ci ilin may-iyun aylarında keçiriləcək yarışlarda Təhsil Nazirliyinin tabeliyində fəaliyyət göstərən bütün rayon və şəhər ümumi təhsil müəssisələrinin şagirdləri mini futbol (13-14 yaş), atletika (13-14 yaş), voleybol (oğlanlar, 14-15 yaş), basketbol (oğlanlar,14-15 yaş) idman növləri üzrə mübarizə aparacaqlar.

Qeyd edək ki, Vətən müharibəsi şəhidlərinin xatirəsinə həsr olunmuş yeniyetmələr arasında respublika turnirinin keçirilməsində məqsəd şəhidlərimizin xatirəsini əbədiləşdirmək, yeniyetmələr arasında vətənpərvərlik hissini gücləndirmək, ümumtəhsil məktəblərində təhsil alan şagirdləri sağlam həyat tərzinə istiqamətləndirmək, onların asudə vaxtının səmərəli təşkili, idmana olan marağının artırılması, ümumtəhsil məktəblərinin idman sahəsində sinifdənxaric və məktəbdənkənar fəaliyyətlərinin qiymətləndirilməsindən ibarətdir.

Turnir COVID-19 pandemiyası ilə əlaqədar xüsusi karantin rejimi qaydalarına uyğun olaraq həyata keçirilir.


Xəbər 386 dəfə oxundu.