Azərbaycan qılıncoynadanları Ukraynada beynəlxalq turnirdə iştirak ediblər
Şpaqa üzrə milli komandamız Xarkovda Leonid Averbaxın xatirəsinə həsr olunmuş beynəlxalq turnirdə iştirak edib.

Beş mərhələdən ibarət turnirdə Azərbaycan və Ukrayna ilə yanaşı, ABŞ, Qazaxıstan, Yaponiya və Özbəkistan idmançıları da mübarizə aparıblar. Üç qrup mərhələsi və pley-offdan ibarət turnirdə kişilərin mübarizəsində 188 idmançı qüvvəsini sınayıb. Təmsilçilərimizdən Kənan Əliyev və Ruslan Həsənov ən güclü 16 kişi şpaqaçı sırasında yer alıb. Üç qrup mərhələsini uğurla adlayan Xalid Əliyev təsəlli turunda ukraynalı Andrey Derkaç (7:15) və Yuriy Zapara (8:15) uduzub. Barat Quliyev üç qrup mərhələsini keçsə də növbəti tura vəsiqə qazana bilməyib. Kənan Məlikzadə və Raul Aruslanov ikinci turda mübarizəni dayandırıblar. Fərrux Səfərov və Elçin Daşdəmirov isə ilk turda uduzublar.

Qızlar arasında ən yaxşı göstərici 124 idmançı arasında 32 ən güclü şpaqaçı sırasına yüksələn Xədicə Həsənliyə məxsusdur. Aynur Quliyeva iki tur adlamağı bacarsa da, üçüncü mərhələdə uduzub. Nazilə Rəhimova isə ilk mərhələdə məğlub olub.

Kənan Əliyev, Ruslan Həsənov, Xalid Əliyev və Barat Quliyevdən ibarət birinci komandamız Xarkovun ikinci komandasına 45:41 hesabı ilə qalib gəlib. Komandamız ikinci görüşdə Kiyev təmsilçilərinə 36:45 hesabı ilə uduzub. Nazilə Rəhimova, Xədicə Həsənli, Aynur Quliyevadan ibarət komandamız ilk görüşündə Dneprin ikinci komandasına 44:45 hesabı ilə uduzsa da, ikinci görüşdə Dneprin 3-cü komandasını 45:28 hesabı ilə məğlubiyyətə uğradıb.


Xəbər 389 dəfə oxundu.