Azərbaycan gimnastları “Prize of Julieta Shishmanova” onlayn turnirində 11 medal qazanıblar
Bədii gimnastika üzrə yığma komandamızın üzvləri Bolqarıstan Gimnastika Federasiyasının təşkil etdiyi onlayn turnirdə iştirak ediblər.

Üçüncü dəfə təşkil olunan “Prize of Julieta Shishmanova” turnirində ölkəmizi yığmamızın üzvləri Arzu Cəlilova, Nərminə Səmədova, Alina Məmmədova və Kamilla Seyidzadə təmsil ediblər.

Qızlarımız bu yarışda 11 medal qazanıblar. Belə ki, böyüklər arasında çıxış edən A.Cəlilova top, halqa və gürzlərlə çıxışına görə ikinci, çoxnövçülük nəticəsinə əsasən, üçüncü yerdə qərarlaşıb. Onun komanda yoldaşı N.Səmədova lentlə üçüncü olub, halqa ilə çıxışına görə isə dördüncü yerdə qərarlaşıb.

Gənclər yaş qrupunda iştirak edən K.Seyidzadə tam bir medal dəstinə sahib olub. Belə ki, gimnastımız topla çıxışına görə birinci, lentlə ikinci və çoxnövçülükdə üçüncü nəticə göstərib. Onunla eyni yaş qrupunda yarışan A.Məmmədova isə çoxnövçülük, halqa və gürzlərlə yarışlarda ikinci olub.

Xəbər 556 dəfə oxundu.