Qələbə var tarix yazar, cahana səs salar
“Qarabağ"ın adı və sözü ilə növbəti dəfə güclülər arasında

Biz elə də yaxşı futbol oynamırıq. Həmişə də belə olub. Müvəffəqiyyətləri, əsasən, bir fərdin şəxsi imkanlarını göstərə biləcəyi idman növlərində gen-bol qazanırıq.
Amma komanda idman növləri, ələlxüsus futbol el arasında ən vacib idman növü sayılıb. Bunun səbəbləri barədə geniş söz açmayım, çünki mövzu, mətləb başqadır. Amma bir məsəlimiz də var: el bir olsa... Bax, bunda da biz dünyanı təəccübləndirəcək, çaşdıracaq gücə, imkana, potensiala malikik. Kiməsə qəribəlik təsiri bağışlayan, deyərdim ki, milli kimliyimiz, mənəvi bütünlüyümüz, ruhən bütövlüyümüz də buradan gəlir.

Ötən cümə axşamı nümunəsini Polşada gördük. Avropa futbolunun böyükləri başına toplamaq ərəfəsində son seçmə mərhələsi keçirilən ikinci böyük turnirində "Qarabağ" səfərdə hərənin öz işini gördüyü və bütünləşib möhtəşəm bir kollektivə çevrildiyini izlədik.

Futbolun öz qanunları ilə komandamız üçün "Legiya" çox ağır, mürəkkəb, çətin keçilən bir sədd olmalı idi. Əslində, belə də oldu. Fəqət 30 ildir haqq səsini dünyaya çatdırmağa çalışan, amma cəzasız qalacağını güman edərək günahsız insanlara - mülki əhaliyə qarşı yönələn düşmən bombardmanlarına səbrinin də son həddinə çataraq, torpaqlarına qənim kəsilmiş düşməni yerinə oturtmağa başlamış bir məmləkətin futbol libaslı, qulağı Vətən soraqlı xəbərlərdə olan övladlarının yükü ağır idi. Hələ də ki, komandanın adı məhz o haqq işinin ünvanı olan Qarabağa bağlıdırsa, bu yük, məsuliyyət birə-beş artar. Son vaxtlar meydanda heç özünə bənzəməyən, Avropa arenasında üstün oyunda, məhz oyun elementlərinin psixoloji natamamlıq kompleksinə görə məğlub olan, hələ bu az imiş kimi, daxili çempionatda da itkiləri bir-birinə calayan komandanın Polşada göstərdiyi ehtişamlı oyun, sadəcə, futbol parametrləri ilə izah oluna bilməz. Bu məhz atalardan yadigar ifadənin "zərbi kərən" hissəsinin gücüdür. Bax, məsəlin elə bu tərəfi ilə millili-klublu komandalarımız daim güclülərə qənim kəsilib və bizə ötən illərin müstəqillik tarixində nadir, haradasa barmaqla sayılacaq, amma yaddaqalan qələbələr, nəticələr, ruhu ovunduran oyunlar bəxş edib. Bunun sirrini bircə biz bilirik. Ona görə də güclülər bizdən ehtiyatlanır, zəiflər hürkür. Biz tarixə, kökə, hisslərə, ruha, ovqata, əhvala bağlı olduğumuzdan hər an təhlükəyik, sınarıq, sındırarıq, amma əyilmərik, boyun əymərik.

Polşadakı qarşılaşmada bir məqam da var idi. "Qarabağ"ı ilk dəfə izləyən vardısa, komandamızı dünyanın ən yetkin komandalarından biri kimi təsəvvür edə bilərdi. Bizim asan yem olmadığımızı, sirli edən ikinci cəhət də budur. Həqiqətən də "Qarabağ" Polşada bu günəqədərki ən mükəmməl oyunlarından birini nümayiş etdirdi. Meydanda olan yerli futbolçuların bu milli-mənəvi gücü alıb, bütün taktiki-strateji, fiziki-funksional elementlərdə qəfil kamilləşməsi dünyaya möcüzə, ya qəribəlik, bizim üçün adi haldır. Bununla onlar həm də əcnəbi komanda yoldaşları ilə bütünləşib bir kollektivə çevrilə bilirlər.

Matçın ağır keçən birinci hissəsində belə "Qarabağ" meydanda nəzarət edən tərəf idi. Açığı, təhlükələr standart vəziyyətlərdən gəlirdi. Bu tilsimi bircə qol qıra bilərdi. İlk qol nə bir təsadüf, nə bir yetərsizlikdən deyil, məhz eksklüziv hazırlıq və optimal dərslik tərzində vuruldu. Ardı gəldi və cuşa gələn komanda qarşısıalınmaz oldu. UEFA-nın statistikasına görə, ev sahibi, nə az, nə çox, 13-ü hədəfə tuş gələn 16 "yaylım atəş"ə məruz qaldı, özü isə bunun yarısı qədər belə cəsarətli olmadı - 7 zərbə (3-ü hədəfə).

Bu matç Azərbaycan tarixinin ən məsul dövründə, halal-haqq torpaqlarımızda oturub özünə dövlət qurmasına rəğmən, həyasızcasına onun daha 20 faizini də zəbt edib özününküləşdirmək istəyən və 30 ildir min bir hiylə ilə səbrini basıb dünyanın bu abırsızlığa son qoyacağını gözləyən xalqın torpaqlarında at oynadaraq, saymazcasına Qarabağımızı "nöqtə"ləyib yallı gedən, hisslərimizlə oynayan düşmənin, hələ bu az imiş kimi, azmış azğınlıqla dinc əhaliyə yönələn yaylım atəşlərinə cavab olaraq, Şanlı Ordumuzun bütün cəbhə boyu əks-hücuma keçdiyi bir dövrə təsadüf etdiyindən onun nəticəsi hər bir azərbaycanlı üçün çox vacib və əzizdir.

Bu məqamda bir tarix də yada düşür. Onu 2009-cu ildə Qarabağın Avropadakı yüksəlişinin təməlini qoyan oyun - "Rusenborq"la matçı xatırlayanlar yəqin bilər. Həmin qələbəni təmin edən hadisə Ağdamın işğal gününün ildönümünə təsadüf etmişdi və möhtəşəm bir oyun komandanın bu günə qədər davam edən bir yüksəlişinin təməl anı olmuşdu. Bax, elə buna görə bu tarixin də davamına pley-off olmalıdır.

İndi qrupda 6 oyun keçirəcək "Qarabağ" ilin sonuna qədər Avropa və dünya futbolunda bu adı davamlı səsləndirəcək, cahana səs salacaq. İlk vəzifəni yerinə yetirən komanda indi növbəti hədəflərə doğru addımlamalıdır: sözü əməllə meydanda təsdiqləməlidir.

Qrupdakı rəqiblər asanlardan deyil, amma keçilməyən sədd də deyillər. "Qarabağ" Polşadakı vüsəti qoruyub saxlasa, bu ümidlər real gücə çevriləcək. Hələ nəzərə alaq ki, çempionumuz Polşa səfərinə əsas oyunçuların zədələr seli ilə getmişdi. Deməli, potensial var. Qalır buna qədər çatışmayanlara diqqət etmək, xüsusən hər rəqibi yetərincə öyrənmək, qiymətləndirmək və hər oyuna lazım olan taktiki-strateji hazırlıqla çıxmaq.

BATI YAR

Xəbər 338 dəfə oxundu.