Gənclər və İdman Nazirliyi kollektivinin nazir Azad Rəhimovun vəfatı ilə bağlı nekroloqu
Azərbaycan ictimaiyyətinə ağır itki üz vermişdir. Azərbaycan Respublikasının gənclər və idman naziri Azad Arif oğlu Rəhimov 2021-ci il aprelin 30-da, ömrünün 57-ci ilində vəfat etmişdir.

Azad Rəhimov uzun illər Azərbaycanın milli maraqlarının qorunması üçün bilik və bacarığını əsirgəməyərək, özünün yüksək peşəkarlığı və təşəbbüskarlığı sayəsində dövlət gənclər və idman siyasətinin həyata keçirilməsində, dövlət proqramları və inkişaf konsepsiyalarının hazırlanıb müvəffəqiyyətlə icra edilməsində uğurlu fəaliyyətgöstərmişdir.

Gənclər və idman naziri kimi 15 il ərzində ölkə prezidentinin rəhbərliyi ilə respublikamızda gənclərlə iş sahəsində fəaliyyətin gücləndirilməsində, idman infrastrukturunun inkişafında, nüfuzlu beynəlxalq tədbirlərin təşkilində, dünya və Avropa gənclər və idman qurumları ilə əlaqələrin qurulmasında, Azərbaycanın dünyanın idman mərkəzlərindən biri kimi tanınmasında misilsiz xidmətlər göstərmişdir.

Nazir Azad Rəhimov ilk dəfə təşkil olunan və 2015-ci ildə Bakıda keçirilən I Avropa Oyunlarının, 2017-ci ildə IV İslam Həmrəyliyi Oyunlarının, 2019-cu ildə Avropa Yeniyetmələrin Yay Olimpiya Festivalının, Şahmat Olimpiadası, Formula 1 Azərbaycan Qran-prisi, dünya və qitə çempionatlarının ölkəmizdə yüksək səviyyədə təşkilində müstəsna xidmətlər göstərmişdir.

Azad Rəhimovun xidmətləri dövlət rəhbərliyi tərəfindən yüksək qiymətləndirilmiş, Azərbaycan Respublikası Prezidentinin 29 iyun 2015-ci il tarixli sərəncamı ilə “Şöhrət” ordeninə, 24 iyul 2019-cu il tarixli sərəncamı ilə 1-ci dərəcəli “Vətənə xidmətə görə” ordeninə layiq görülmüş, eləcə də 8 oktyabr 2014-cü ildə Azərbaycan Milli Olimpiya Komitəsinin “Olimpiya” ordeni ilə təltif edilmişdir.

Azad Arif oğlu Rəhimovun vaxtsız vəfatından kədərləndiyimizi bildirir, mərhumun ailəsinə və yaxınlarına dərin hüznlə başsağlığı veririk.

Tanınmış ictimai-siyasi xadim, bacarıqlı təşkilatçı, rəhbərlik etdiyi kollektivin həqiqi lideri, səmimi, xeyirxah və təvazökar insan, gənclərin və idmançıların dostu Azad Rəhimovun əziz xatirəsi Azərbaycan ictimaiyyətinin qəlbində daim yaşayacaqdır.

Allah rəhmət eləsin!

Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin kollektivi



Xəbər 546 dəfə oxundu.