Bilbao “Avro-2020”nin oyunlarını keçirməkdən imtina edib
İspaniyanın Bilbao şəhərinin rəhbərliyi “Avro-2020”nin oyunlarını keçirməkdən imtina edib.

Bu barədə şəhər administrasiyasının internet səhifəsində məlumat verilib. Açıqlamada bildirilib ki, Bilbao “Avro-2020” matçlarına ev sahibliyi etmək hüququ qazandığı gündən təşkilatçılıqla bağlı bütün meyarları yerinə yetirib. Ancaq pandemiya şəraitində şəhər rəhbərliyi vətəndaşlarının sağlamlığını UEFA tələblərindən üstün qiymətləndiririr.

Məlumatda Bilbaonun Avropa çempionatı tədbirlərinin təşkili üçün 1,2 milyon avrodan çox pul xərclədiyi və dəymiş ziyana görə məhkəməyə müraciət etdiyi də vurğulanıb.

UEFA Avropa çempionatına ev sahibliyi edəcək şəhərlərlə bağlı son qərarı sabah verəcək.

Hazırda Bakı ilə yanaşı, Sankt-Peterburq, Amsterdam, Budapeşt, Buxarest, Qlazqo, Kopenhagen, London və Roma turnir oyunlarına tamaşaçı ilə ev sahibliyi etməyə hazır olduqlarını təsdiqləyiblər. Münhen və Dublin azarkeşlərlə bağlı tələbi yerinə yetirə bilməyəcəklərini qeyd etsələr də, turnirdən hələ ki, imtina etməyiblər.

Xəbər 390 dəfə oxundu.