“Champions Chess Tour”: Final mərhələnin ilk qarşılaşmaları heç-heçə ilə başa çatıb
Dünya çempionu Maqnus Karlsenin təşkil etdiyi nüfuzlu “Champions Chess Tour” onlayn şahmat seriyasının dördüncü mərhələsinin final görüşləri və üçüncü yer uğrunda qarşılaşmalar keçirilib.

Final mərhələsində birinci matçda Niderland təmsilçisi Aniş Girinin Rusiya şahmatçısı Yan Nepomnyaşi ilə qarşılaşması heç-heçə ilə başa çatıb.

Üçüncü yer uğrunda norveçli dünya çempionu Maqnus Karlsen isə ABŞ təmsilçisi Uesli So ilə birinci matçı 3:1 hesablı qələbə ilə başa vurub.

İki gün davam edəcək həlledici görüşlərdə qalib müəyyənləşməsə, tay-breyk oynanılacaq. Bu mərhələdə də qaliblərin müəyyənləşməyəcəyi təqdirdə, şahmatçılar armaqeddonda güclərini sınayacaqlar.

Şahmatçılarımız Şəhriyar Məmmədyarov və Teymur Rəcəbov təsnifat mərhələsində mübarizəni dayandırıblar.
Xatırladaq ki, Teymur Rəcəbov “Champions Chess Tour” seriyası çərçivəsində keçirilən ikinci - “Airthings Masters” turnirinin finalında Ermənistan təmsilçisi Levon Aronyanı məğlub edərək yarışın qalibi olmaqla yanaşı, həm də seriyanın finalına vəsiqə qazanıb. Şahmatçımız seriyanın üçüncü mərhələsində - “Opera Euro Rapid” turnirində isə üçüncü yeri tutub.


Xəbər 381 dəfə oxundu.