Qılıncoynadanlarımız Anna Başta və Valeriya Bolşakova dünya kubokunun əsas mərhələsinə yüksəliblər
Martın 12-də Budapeştdə start götürən qılıncoynatma idmanının sablya növü üzrə dünya kubokunda qadın iştirakçıların şəxsi yarışında təsnifat mərhələsinin görüşləri keçirilib.

Təmsilçilərimizdən qrup mərhələsində keçirdiyi altı görüşdən beşində qələbə qazanan Anna Başta turnirin əsas mərhələsinə birbaşa vəsiqə qazanıb. Anna Başta otuzikidəbir final mərhələsində macarıstanlı Kira Keszei ilə qarşılaşacaq.

Qrupda keçirdiyi beş görüşdən üçündən qalib ayrılan Valeriya Bolşakova da əsas mərhələyə yüksəlib. Təmsilçimiz təsnifatın pley-off mərhələsində Gürcüstan sablyaçısı Teodara Kaxiani (15:9) və İspaniya təmsilçisi Mariya Venturanı (15:5) mübarizədən kənarlaşdırıb. V.Bolşakova otuzikidəbir finalda Rusiya qılıncoynadanı Olqa Nikitina ilə üz-üzə gələcək.

Qrup mərhələsini üç qələbə ilə başa vuran Sevil Bünyatova və Səbinə Kərimova isə təsnifatın pley-off mərhələsində mübarizəni dayandırıb. S.Bünyatova Türkiyə təmsilçisi İrina Şçuka 13:15 hesabı ilə uduzub. S.Kərimova isə fransalı Marqaux Rifkissə 10:15 hesabı ilə məğlub olub.

Qeyd edək ki, qadın sablyaçılarımız həm şəxsi, həm də komanda yarışında mübarizə aparırlar. Yarışa martın 14-də yekun vurulacaq.

Xəbər 452 dəfə oxundu.