“Opera Euro Rapid”: Teymur Rəcəbov Levon Aronyanla üz-üzə gələcək
Azərbaycan şahmatçısı Teymur Rəcəbov “Champions Chess Tour” seriyası çərçivəsində keçirilən “Opera Euro Rapid” onlayn turnirinin üçüncü yarış günündə daha 5 turda mübarizə aparacaq.

Şahmatçımız ilk oyununu Liren Dinq (ÇİN) ilə keçirəcək. İkinci görüşü hazırkı dünya çempionu, norveçli Maqnus Karlsenə qarşı keçirəcək T.Rəcəbov daha sonra fransalı Maksim Vaşye-Laqrav və amerikalı Uesli So ilə oynayacaq. Şahmatçımız günün son qarşılaşmasında – 15-ci turda ermənistanlı Levon Aronyanla üz-üzə gələcək.

T.Rəcəbov ötən 10 turdan 5,5 xal əldə edərək 5-7-ci yerləri bölüşür. Turnir cədvəlində hazırkı dünya çempionu, norveçli Maqnus Karlsen 7 xalla liderliyini davam etdirir.

Qeyd edək ki, “Champions Chess Tour” seriyası çərçivəsində keçirilən ikinci - “Airthings Masters” turnirinin finalında Teymur Rəcəbov Levon Aronyanı məğlub edərək yarışın qalibi olub.

Xatırladaq ki, fevralın 14-dək davam edəcək “Opera Euro Rapid” turnirində 16 şahmatçı mübarizə aparır. Üç günlük qrup mərhələsindən sonra (15 tur) ilk 8 yeri tutan şahmatçı səkkizdəbir final mərhələsinə vəsiqə qazanacaq.

Xəbər 481 dəfə oxundu.