İdman mediasına dəstəklə bağlı KİVDF-yə təqdim ediləcək təkliflər müzakirə olunub
Azərbaycan İdman Jurnalistləri Federasiyasının (AİJF) idarə heyətinin növbəti iclası keçirilib.

Videokonfrans formatında keçirilən iclasda 44 günlük Vətən müharibəsində qazanılan Zəfərin tariximizin ən şanlı səhifələrindən biri olduğu vurğulanıb və Böyük Qələbə uğrunda canlarından keçən şəhidlərimizin xatirəsi anılıb.

İclasda AİJF prezidenti Qabil Mehdiyev KİVDF-nin icraçı direktoru Əhməd İsmayılov ilə keçirilmiş görüş barədə idarə heyətinin üzvlərinə məlumat verib. Tədbirdə iki qurum arasında əməkdaşlığın perspektivləri müzakirə edilib. İdman mediasına dəstəklə bağlı təkliflər paketinin hazırlanıb KİVDF-yə təqdim olunması, bununla bağlı qurumlar arasında müzakirələrin davam etdirilməsi qərara alınıb.

Bundan başqa, Vətən müharibəsində iştirak etmiş̧ idman jurnalistləri ilə görüşlərin keçirilməsi, onların Şuşaya səfərinin təşkili və Azərbaycanın mədəniyyət mərkəzində idman mediası üçün treninq keçirilməsi məsələləri müzakirə olunub.

Sonra yeni müraciətlərə baxılıb və AİJF-yə 5 yeni üzv qəbul olunub.

Xəbər 459 dəfə oxundu.