III Avropa Oyunları hansı yeniliklərlə gələcək?
Bəşəriyyətin ən böyük idman yarışı istər qədim Yunanıstandakı antik oyunların, istərsə də başlanğıcını Afinadan götürən müasir olimpiya oyunlarının məkanını olimpiadaların vətəni kimi tarixə saldığı kimi, köhnə qitənin bizim nəslin şahidliyi ilə baş tutan ilk oyunlarını keçirən Bakımız da Avropa miqyasında həmin missiyanı, həmin funksiyanı öz üzərinə götürdü.

5 il öncə iyunun 12-də paytaxtımızın Olimpiya stadionundakı möhtəşəm açılış mərasimi ilə təməli qoyulan ilk Avropa oyunları 24 idman növündə mübarizəsi ilə tarixə elə bir ilk kimi yazıldı. Bunun ardından 2019-cu ildə Belarus paytaxtı Minsk 15 idman növündə qitənin aparıcı idmançılarının mübarizə meydanına çevrildi. Növbəti - III Avropa Oyunlarının ev sahibliyini edəcək Polşanın Krakov və Malopolye şəhərlərində də 2023-cü ilin iyununda 24 idman növündə yarışın olacağı gözlənilir. Hər halda bu, yaxın günlərdə Avropa Olimpiya Komitəsi və Polşa nümayəndə heyəti arasında İtaliyanın paytaxtı Romada keçirilmiş görüşdə gəlinən ilkin razılığa əsasən III Avropa Oyunlarının proqramının ilkin siyahısında olan idman növlərinin sayıdır.
Kamandan oxatma, sinxron üzgüçülük, badminton, basketbol 3x3, çimərlik həndbolu, breyk-dans, kanoe (kayak və kanoe, kanoe slalom), velosiped idmanı (dağ velosipedi, şose), qılıncoynatma, gimnastika, cüdo, karate, müasir beşnövçülük, dağ qaçışı, reqbi 7, atıcılıq, xizəklə tramplindən tullanma (yay), idman dırmanması, stolüstü tennis, triatlon, voleybol, çimərlik voleybolu, ağırlıqqaldırma - Polşada keçiriləcək oyunlarda məhz bu növlərdə yarışların baş tutacağı gözlənilir. Doğrudur, siyahıda hələ müəyyən dəyişikliklərin olacağı da istisna deyil. Hər halda bu siyahının Krakov və Malopolyeni Bakı və Minsk kimi sələflərindən fərqləndirəcəyini demək olar. Gəlin bu fərqlərin nədən ibarət olduğunu nəzərdən keçirək.

İlk olaraq onu deyək ki, Avropa Oyunları Olimpiya Oyunlarından tək coğrafi miqyası ilə fərqlənmir. Birincisi, Olimpiya Oyunları Beynəlxalq Olimpiya Komitəsinin olimpiya idman növləri sırasına saldığı bütün növlərdə keçirilir və BOK vaxtaşırı olaraq müəyyən mülahizələrə görə, bu siyahıda bəzi dəyişikliklər edir. Avropa Oyunlarında isə təşkilatçı ölkələrin imkanları, idman növləri üzrə federasiyaların qərarları, dövrün digər yarışları həlledici rol oynaya bilir. Həm də Avropa Oyunlarında BOK-un olimpiya növləri saydığı bir çox aparıcı proqramlar kənarda qala, olimpiya növləri olmayanlar isə proqrama salına bilir. Digər tərəfdən Olimpiya Oyunlarında bəzi azsaylı növlər istisna olmaqla, idman növləri dayaq idman növləridir. Avropa Oyunlarında isə bir sıra yarışların digər qitə yarışlarının eyni kimi keçirilməsini və Olimpiya Oyunlarına lisenziya verməsini müşahidə edə bilərik. Elə 2023-ün Polşa yarışları üçün idman növlərinin siyahısı müəyyənləşdirilərkən də əsas meyar onların həm də Avropa çempionatı statusu və ya 2024-cü il Paris Yay Olimpiya Oyunlarına lisenziya xarakteri daşıması olub. Yaxın vaxtlarda Avropanın müvafiq idman federasiyalarının hər biri ilə yekun danışıqlar zamanı da belə bir şərt irəli sürüləcək.

Bəs Bakı, Minsk, eləcə də Krakovla Malopolyeni idman növlərindən hansıları birləşdirir və ya fərqləndirir?

Badminton, basketbol 3x3, karate və güllə atıcılığında ilk iki oyunlarda eyni sayda medal dəsti paylaşılıb. Lakin III Oyunlarda istər bu, istərsə də digər növlərdə hansı sayda medal olacağı hələ qarşıdakı müzakirələrin mövzusudur.

3-cü oyunların da proqramında olan güləşin Bakı və Minskdə medal sayı fərqli olub. Yunan-Roma, sərbəst və qadın güləşinin hər birində Bakıda 8 medal dəsti sahibini tapdığı halda, Belarus paytaxtında bu rəqəm 6-ya, nəticədə də ümumi sayda 24-dən 18-ə endi. Sərbəst güləşdə mövcud çəkilərdən 6-sı 2-ci oyunlarda saxlanılmaqla 61 və 70 kq çəki dərəcələri yığışdırıldığı halda, yunan-Roma və qadın güləşlərində çəki kateqoriyaları seyrəldilərək azaldılmaqla yanaşı, saxlanılan çəkilərin əksəriyyətində də yüngül korreksiya oldu.

Polşada təmsilçiliyini saxlayacaq digər növlərin də Bakı və Minsk fərqlərinə baxaq.
Veloidmanda medal dəstlərinin sayı Bakıdan sonra Minskdə 8-dən 24-dək artırıldı. Ancaq veloidman növlərinin sayı isə, əksinə azaldı. Şəhərimizdə şosedə 4, dağ velosipedi və BMX-in hər birində isə 2 yarış oldu. Minskdə şosedə proqram dəyişməz qaldı, əvəzində dağ velosipedi və BMX-in yerinə salınan trek yarışlarında 20 dəst medal paylanıldı. Polşada isə şose ənənəvi saxlanılmaqla, dağ velosipedi üzrə yarışlar bərpa olunacaq.

Avarçəkmə və kanoe yarışlarında medallar Minskdə bir dəst artırılaraq 16-ya çatdırılıb. Bu kiçik artım kişilərin yarışlarında ikinəfərlik avarçəkmədə 200 metrlik məsafə yığışdırılaraq, əvəzində qadınların Bakıda kanoe yarışı olmadığı halda, Minskdə bir və iki nəfərlik kanoe yarışlarının proqrama salınması hesabına oldu.
Cüdo yarışlarında ümumi medal dəsti sayının Minskdə 18-dən 15-ə enməsinə səbəb Bakıda 1 kişi və 1 qadın çəki kateqoriyasında təmsil olunan paralimpiya cüdosunun Belarusdan yığışdırılması, həm də kişi və qadınların 2015-dəkindən fərqli olaraq, ikinci oyunlarda bir komanda şəklində də medal mübarizəsi aparması ilə bağlı olub.

Stolüstü tennisdə Bakıdakı 4 medal dəstinin müqabilində Minskdə 5 dəst oldu. Kişi və qadınların fərdi və komanda yarışlarına Belarusda qarışıq cütlərin də mübarizəsi əlavə edilmişdi.

Oxatmanın medal dəstləri Minskdə 5-dən 8-ə çatdırıldı. İlk oyunlarda kişi və qadın kateqoriyalarının hər birində fərdi və komanda yarışları, eləcə də qarışıq komanda yarışları olmuşdu. İkinci oyunlarda isə əvvəlki klassik oxla yarışlarla yanaşı, hər üç kateqoriyada bloklu oxla yarışlarda da medal mübarizəsi aparıldı.

İlk iki oyunların hər birində gimnastika növlərindən akrobatikada 5, batutla tullanmada 4, idman aerobikasında 2, bədii gimnastikada 8 dəst medal uğrunda mübarizə getdi. Yalnız idman gimnastikasında Minskdə Bakıdakından 2 dəst az - cəmi 12 medal olmasına səbəb kişi və qadınların komanda medallarının olmamasıdır. Polşada isə hələlik hansı növlərdə hansı yarışların olacağı müəyyənləşməyib.

İndi isə ilk iki oyunlardan fərqli olaraq Polşaya getməyəcək növlərə baxaq. Bunlardan biri Bakı və Minskin hər birində 15 çempionu müəyyənləşdirmiş boksdur. Çimərlik futbolunda Bakı və Minskdə 1 medal dəsti oldu.

Bakıda atletika yarışlarında 17 ölkənin 600 idmançısı 20 kişi və 20 qadın proqramında mübarizə aparırdı. Ancaq bu qədər atletin bu qədər növdə yarışının yekununda cəmisi bir dəst medal sahibini tapdı. Belə ki, yarış komanda formatında keçirilirdi. Avropa Atletika Assosiasiyası ilk olaraq Oyunlardan imtina etməyi düşünürdü. Sonradan onları yola gətirmək oldu. Ancaq bir qədər öncə qeyd edilən formatda.

Minskdə isə 24 ölkədən 488 atlet 10 dəst medal uğrunda yarışdı. Bunlardan biri ümumi komanda hesabına görə idi. Fərdi yarışlar isə kişilər arasında 100 metrə qaçış, 110 metrə maneəli qaçış və hündürlüyə tullanma, qadınlarda 100 metrə qaçış, 110 metrə maneəli qaçış, nizə atma və uzunluğa tullanma üzrə idi. Eləcə də qarışıq şəkildə komanda yarışları 4x4 estafeti və təqibetmə yürüşü üzrə oldu.
Samboda artım birdən-birə 8-dən 18-ə oldu. Belə ki, 2019-cu ildə cins kateqoriyalarının hər birində 9 çəki dərəcəsində mübarizə olmuşdusa, ondan 4 il öncə hər kateqoriyada çəki dərəcələrinin yalnız 4-ü seçilmişdi.

Su polosu (2 dəst medal), üzgüçülük (42), suyatullanma (8) və taekvondo (8) Bakıdan sonra "qeybə çıxdı" və bu növləri 2023-cü ildə də görməyəcəyik. Voleybol (2), çimərlik voleybolu (2), sinxron üzgüçülük (4), triatlon (2) və qılıncoynatma (12) isə Minsk fasiləsindən sonra Polşada geri qayıdır. Minskin məxsusi növləri isə olmayıb.

Göründüyü kimi, Minskin medal boğçası daha kasıb olub. Polşada isə gözlənilən yeni növlər kifayət qədərdir - çimərlik həndbolu, breyk-dans timsalında idman rəqsləri, müasir beşnövçülük, dağ qaçışı, reqbi 7, idman dırmanması, ağırlıqqaldırma və xizəklə tramplindən tullanma. Sonuncu növ, əsasən qar üzərində keçirilən qış idman növü kimi tanınsa da, Polşada bu idmanın, təbii ki, daha az populyarlığı olan yay növü olacaq. Bu idman növündə idmançılar xizəklə polimer materialdan hazırlanmış səthə tullanırlar ki, bu da lazım olan sürüşməni təmin edir. Yarış zamanı bu səthdən su da axıdırlar.

Bəli, Krakov və Malopolyedə Avropa Oyunları fərqli olacaq. Ancaq bu fərqliliyin nə qədər bəyənilib-bəyənilməyəcəyini 3 ildən sonra görəcəyik.

Vüqar İNQİLABOĞLU

Xəbər 1019 dəfə oxundu.