Olimpiya halqaları - 100
Avqust ayında 1920-ci il Antverpen Yay Olimpiya Oyunlarının 100 illiyi tamam oldu. Düz bir əsr öncə - 1920-ci il avqustun 14-29 tarixlərində Belçikanın adıçəkilən şəhəri VII Olimpiadaya ev sahibliyi etdi.

Yazımızın məqsədi həmin Olimpiadanın özünü 100 illiyinin tamamında yada salmaq deyil. Həmin yarışlarda əsas olimpiya rəmzlərindən birinin ilk dəfə istifadə edilməyə başlanmasından bəhs etmək istəyirik. Bayraq, halqalar, himn, and, şüar, medal, məşəl, talisman, emblem - bunlar hamısı olimpiya rəmzləridir. Ancaq bunların hamısı heç də eyni vaxtda peyda olmayıb. Antverpen isə 100 il öncə bunlardan olimpiya halqalarına və onları üzərində əks etdirən olimpiya bayrağına həyat verib.
Hər kəsə məlum olan 5 olimpiya halqasının hansı əsaslara söykənməsinə dair bir neçə versiya var. Ancaq bunların ən əsası həmin halqaların olimpiya hərəkatında təmsil olunan 5 qitəni - Avropa, Asiya, Amerika, Afrika və Avstraliyanı əks etdirməsidir.

Bayraqdakı ağ fon Oyunların sülh dövründə keçirilməsini əks etdirir. Məlumdur ki, VI (1916), XII (1940) və XIII (1944) Olimpiadalar öz sıra nömrələrini qorusalar da, 1-ci və 2-ci dünya müharibələri səbəbindən baş tutmayıb.

Bayraqda üstdə göy, qara, qırmızı, altda isə sarı və yaşıl halqalar yer alır. Bu rəngləri əsasən aşağıdakı əsaslarla izah edirlər: Göy rəng - Avropanı, sarı rəng - Asiyanı, qara - Afrikanı, qırmızı - Amerikanı, yaşıl isə Avstraliyanı əks etdirir. Bu rənglərin həmin qitələrlə əlaqəsinə dair müəyyən fikirlər irəli sürmək mümkün olsa da, rəsmi olaraq bunun izahı verilməyib. 1951-ci ilədək rəsmi mənbələrdə məhz bu versiya izahsız olaraq göstərilirdi. Lakin o vaxtdan qitələrlə bağlı şərh rəsmi mənbələrdən yığışdırıldı. Belə ki, həmin halqaların yaradıcısı Pyer de Kubertenin məhz bu düşüncələri əsas gətirməsinə dair heç bir sübut mövcud deyil. Kubertenin öz sözlərinə görə, halqaların 5 rəngi və bir də bayrağın ağ fon rəngi həmin dövrdə bütün ölkələrin bayrağında mövcud olub.

Digər versiya müasir beşnövçülüyün peyda olması ilə əlaqələndirilir. Bu versiyada göy rəng suyu - yəni üzgüçülüyü, yaşıl rəng təbiətin rəngi olaraq atçılığı, alova işarə olan qırmızı rəng - qılıncoynatmanı, torpaq enerjisinin əksi olan sarı rəng - qaçışı, metal enerjisinin rəmzi olan qara rəng - atıcılığı bildirir.

Olimpiya halqalarının əks olunduğu ipək bayraq ilk dəfə 1914-cü ildə Beynəlxalq Olimpiya Komitəsinin Paris konqresində Pyer de Kuberten tərəfindən təqdim olunub. Bu 5 halqalı bayrağın Olimpiya Oyunlarına ayaq açması isə, qeyd etdiyimiz kimi, ilk dəfə 1920-ci il Antverpen Olimpiadasına təsadüf edib.

Antverpendə təqdim edilən bayraq yenisi ilə 1988-ci ildə Seul Olimpiadasında əvəzlənib. Köhnə bayraq isə Lozannada Olimpiya muzeyinə təhvil verilib.
Azərbaycan hələ ki, Olimpiya Oyunlarını keçirməyib. Lakin tarixdə ilk Avropa Oyunlarının keçirilmə məkanı olan Bakımızın Olimpiya stadionunda 2015-ci ildə 5 rəngli olimpiya halqaları Avropa Olimpiya Komitələrinin bayrağı üzərində qaldırılaraq dalğalandırıldı.

Vüqar İNQİLABOĞLU


Xəbər 1754 dəfə oxundu.