“Neftçi” klubu UEFA Avropa Liqasının ikinci təsnifat mərhələsinə yüksəlib
Avqustun 27-də Bakının “Neftçi” klubu UEFA Avropa Liqasına qələbə ilə başlayıb.

Turnirin birinci təsnifat mərhələsi çərçivəsində Bakı təmsilçisi Şimali Makedoniyanın “Şkupi” komandasını qəbul edib.

“Bakcell Arena”da keçirilən matçın birinci hissəsində komandaların cəhdlərinə baxmayaraq hesab açılmayıb.

Latviyalı hakimlər briqadasının idarə etdiyi oyunun ikinci hissəsinə “Neftçi” futbolçuları daha fəal başlayıblar. Görüşün 66-cı dəqiqəsində Bakı klubunun yarımmüdafiəçisi Sabiq Buqrin hesabı açıb. Dörd dəqiqə sonra “Şkupi”nin 19 nömrəli futbolçusu Qudiabi Omar kobud oyuna görə ikinci sarı vərəqəni alaraq Şimali Makedoniya təmsilçisini azlıqda buraxıb. Qarşılaşmanın 88-ci dəqiqəsində Anton Krivotsyuk başla baxımlı qola imza ataraq “Neftçi”ni hesabda önə çıxarıb. İkinci hissəyə əlavə olunmuş dəqiqələrdə rəqib komandadan Demba Darbo qollardan birinin əvəzini çıxmağı bacarıb.

Beləliklə, görüş 2:1 hesabı ilə “Neftçi”nin xeyrinə başa çatıb. Bakı təmsilçisi bu qələbə ilə UEFA Avropa Liqasının ikinci təsnifat mərhələsinə yüksəlib.

Komandamızın növbəti mərhələdəki rəqibi avqustun 31-də keçiriləcək püşkatma mərasimində müəyyənləşəcək.


Xəbər 731 dəfə oxundu.