İsmayıllıda karate-do üzrə açıq turnirin qalibləri müəyyənləşib
Şəhid Xəyyam Daşdəmirovun xatirəsinə həsr olunmuş karate-do üzrə açıq turnir keçirilib. Yarışda İsmayıllı, Qazax, Ağstafa, Cəlilabad, Sabirabad, Bakı və Sumqayıtdan 200-ə yaxın idmançı gücünü sınayıb.

Yarışın əsas məqsədi gənclərə vətənpərvərlik ruhunu aşılamaq, şəhidlərimizin xatirəsini yad etmək olub.

Tədbir Gənclər və İdman Nazirliyinin dəstəyi ilə İsmayıllı Rayon İcra Hakimiyyəti, BŞGİBİ, Bakı Karate-Do Akademiyasının birgə təşkilatçılığı ilə keçirilib. Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən təsdiq olunmuş karantin qaydalarına uyğun keçirilən yarışdan əvvəl hər bir iştirakçı koronavirus testindən keçib. Bütün idmançılar, eləcə də məşqçilər, hakimlər və rəsmilərin hərarəti ölçülüb, xüsusi dezinfeksiyaedici məhlullarla dezinfeksiya olunublar. Yarış tibbi maskadan istifadə və ara məsafəsi gözlənilməklə açıq havada keçirilib.

Yarışın sonunda komanda hesabında Sumqayıt birinci olub. Bakı idmançıları yarışı ikinci, Ağstafa komandası isə üçüncü yerdə başa vurublar.

Xatırladaq ki, şəhid Xəyyam Daşdəmirov İsmayıllı rayonunun Balik kəndində anadan olub. O, bu ilin iyulunda Tovuz istiqamətində hərbi xidmət zamanı düşmən təxribatının qarşısı alınarkən şəhid olub.

Xəbər 715 dəfə oxundu.