"İdman" onlarsız "İdman" ola bilməzdi
Bu mövzuda əvvəlki yazılarımızda "Azərbaycan bədən tərbiyəçisi"---"Fizkulturnik Azerbaydjana", sonralar isə "İdman"-"Sport" adları daşımış qəzetlərin təşəkkülündə, geniş oxucu rəğbəti qazanmasında bir çox insanın- redaktorların, ayrı- ayrı əməkdaşların, eləcə də, mütəxəssislərin, ştatdankənar müxbirlərimizin adlarını çəkib, onları Azərbaycanda idmanın təbliği və inkişafı naminə gördükləri böyük işə görə minnətdarlıqla xatırlamışdıq.

Əlbəttə, fotomüxbirləri də unutmaq olmaz. "İdman" ın artıq səksən səkkizinci ildir qət etdiyi mürəkkəb marafon məsafəsində onların da xidmətləri danılmazdır. Bu da bir həqiqətdir ki, o illərdə əllərində fotoaparat stadionları, bütün yarış meydanlarını bir- bir gəzmiş fotomüxbirlər indiki ilə müqayisədə çətin şəraitdə fəaliyyət göstərmişlər. Onların lentə aldıqları fotolara redaksiyalarda ehtiyac böyük idi. Çünki hər hansı yazı şəkilsiz elə bir effekt vermir və azarkeşsiz futbolu xatırladır.

"İdman"da işlədiyim ötən əsrin altmışıncı illərinin sonlarından bu qəzetdə Leonid Bedoşvili, Faiq Rəcəbli, Gennadi Malyov, Əhməd Abdullayev kimi zəngin təcrübəli fotomüxbirlərlə eyni kollektivdə çalışmış və onların əsl yaradıcılıq bacarığının şahidi olmuşam.

AZƏRTAC-dan Yaşar Xəlilov, "Azərbaycan müəllimi"ndən Əli Qafarov, "Molodyoj Azerbaydjana" qəzetindən Mirheydər Haşımov və başqaları da idman mövzusuna biganə deyildilər, əksinə, bu şəkillərdən böyük zövq alır və onları "İdman" ın səhifələrində görməkdən məmnun olurdular. Adlarını çəkdiyim fotomüxbirlərin hər biri öz işinin ustası idi. Onların ərsəyə gətirdiyi bir-birindən gözəl neçə- neçə foto tarixin səhifələrinə əsl sənət nümunəsi kimi daxil olmuşdur.

"İdman" ın ştatlı fotomüxbirləri və onların digər redaksiyalarda çalışan həmkarları istər respublikamızda, istərsə də keçmiş Sovet İttifaqında, eləcə də, beynəlxalq miqyasda bir çox mötəbər yarışda iş başında olmuş, həmişə də ümidləri doğrultmuşlar. Məsələn, Ə. Abdullayev Moskvada Ümumdünya universiadasında o dövrün məşhur sovet gimnastı Olqa Korbutun məharətlə yerinə yetirdiyi təmrini, 1970-ci ildə Meksikada futbol üzrə dünya çempionatında braziliyalılar Pele, Gerson, Jairzinyo kimi top sehrbazlarını lentə almaq fürsətini qaçırmamışdır.

Azərbaycanın idman fotojurnalistikası tarixində ustad kimi yaşayan Faiq Rəcəbli bu gün bu yazı ilə birlikdə diqqətinizə çatdırdığımız fotonu "Xəzər İsayev Bakıya dünya çempionu kimi qayıtmışdır" sözləri ilə müşayiət etmişdi. Sərbəst güləş üzrə dünya, Avropa və SSRİ çempionumuzun şəkli "İdman"ın 1992- ci il 30 aprel tarixli 6 000-ci, yubiley nömrəsindən götürülmüşdür. İyirmi səkkiz il əvvəl nəşr edilmiş və artıq saralıb- solmuş qəzetdə verilmiş şəkil indi bir qədər keyfiyyətsiz görünsə də, bunu başa düşmək olar. İllər öz təsirini göstərmişdir. F. Rəcəblinin "Qapını Lev Yaşin qoruyur" fotosunu da o vaxt oxucular maraqla qarşılamışdılar.

İndi çox uzaq görünən həmin illəri xatırlayanda L. Bedoşvilinin basketbol, yüngül atletika, qılıncoynatma və digər növlər üzrə yarışlardan çəkdiyi, G. Malyovun Azərbaycanın bütün guşələrindən bəhs edən fotoları, M. Haşımovun "Molodyojka" ilə yanaşı "İdman" üçün də ürəkdən çalışdığını və digər foto ustalarının yaradıcılığından çox nümunələr yada sala bilərik.

Bir sözlə, "İdman" ın fotomüxbirləri də redaksiyanın bütün əməkdaşları kimi Azərbaycanda idmanın təbliği və inkişafı işində yüksək fəallıq göstərmiş, bu işə öz töhfələrini vermişlər.

Oqtay BAYRAMOV,
Əməkdar jurnalist

23.08.2020

Xəbər 876 dəfə oxundu.