Ruhun şad olsun, qrossmeyster
Bu gün, iyulun 20-si Beynəlxalq Şahmat Günüdür. Bu gün planetin hər yerində qədim və müdrik oyunun milyonlarla pərəstişkarının bayramıdır. Onların sevimli idman növünün zəngin tarixinə növbəti səhifə yazılır. Belə bir əlamətdar gündə uzun illər ərzində dünya şahmatının inkişafına öz layiqli töhfələrini vermiş Azərbaycan şahmat məktəbinin yetirmələrini — qrossmeysterlərdən və beynəlxalq ustalardan tutmuş bu oyunla yenicə məşğul olmağa başlayan yeniyetmələrədək bütün şahmat ictimaiyyətimizi təbrik edib, ən xoş arzularımızı çatdırırıq.

Təəssüf ki, XXI əsrin ilk onilliyində planetin ən mahir qrossmeysterlərindən biri olmuş Vüqar Həşimov bugünkü bayramın iştirakçıları sırasında deyil. Onun unudulmaz xatirəsinə şahmat ictimaiyyətimizin dərin hörmət və ehtiramı olaraq 2014-cü il fevralın 22-də — vəfatının 40-cı günü “Xalq qəzeti”ndə dərc etdirdiyim məqaləni bu gün kiçik ixtisarla azsport.az saytının izləyicilərinin diqqətinə çatdırıram.

Artıq 40 gündür ki, əbədiyyətə qovuşmuş Vüqar Həşimov bu gözəl həyatı çox tez, amma dünyanın ən parlaq zəka sahiblərindən, ən hörmətli şahmatçılarından biri kimi tərk etdi.

Onun ən mahir qrossmeysterlərlə gərgin görüşlərdəki kimi, ağır xəstəliklə mübarizədən də qalib ayrılacağına, yenidən mötəbər yarışlarda müxtəlif şahmat saytlarının köməyi ilə çıxışlarını böyük maraq və xoş bir həyəcanla izləyəcəyimizə ümid etdiyimiz bir vaxtda gözlənilmədən aldığımız xəbər hər şeyi alt-üst etdi: Vüqar Həşimov 2014-cü il yanvarın 11-də uzun müddət idi ki, müalicə olunduğu Almaniya klinikalarından birində vəfat etmişdir. Cəmi 27 yaşında...

Gözlənilməz və dəqiq gedişləri ilə şahmat taxtası arxasında rəqiblərini dəfələrlə çıxılmaz vəziyyətə salıb mat qoyan Vüqarın taleyin amansız zərbəsinə məruz qalması təkcə vətəni Azərbaycanda deyil, bütün beynəlxalq şahmat dairələrində dərin kədərə səbəb oldu. O, Bakı ilə yanaşı Moskva və Pekində, Paris və Novi Sadda, İstanbul və Antalyada, Roma və Drezdendə, Sofiya, Praqa və daha neçə-neçə şəhərdə özünə minlərlə pərəstişkar qazanmışdı. Rusiyalı qrossmeysterlər Sergey Karyakin və Aleksandr Qrişuk, Veselin Topalov ( Bolqarıstan) və Vasili İvançuk (Ukrayna), Hikaru Nakamura (ABŞ) və bir çox başqaları, əminəm ki, istənilən anda Vüqar haqqında, onun oyunu və insani keyfiyyətləri barədə istədiyin qədər xoş sözlər söyləyə bilərlər.

Yuxarıda Novi Sadı xatırladıq. 2009-cu ilin payızında Serbiyanın bu şəhərində keçirilmiş Avropa çempionatı şahmat pərəstişkarlarının yaxşı yadında olar. Azərbaycan milli komandası tarixində ilk dəfə qitə çempionu adını məhz Novi Sadda qazanmışdır. Çempionatın sonuncu, doqquzuncu turunda şahmatçılarımız qızıl medalların sevincini yaşamaq üçün Hollandiya komandası ilə matçda qalib gəlməli idilər. Şəhriyar Məmmədyarov, Teymur Rəcəbov və Rauf Məmmədov öz görüşlərini heç-heçə başa vurduqdan sonra bütün nəzərlər Vüqar Həşimova dikilmişdi. Əgər o, ikinci taxtada Daniel Stelvagenə qalib gəlməyi bacarsaydı, millimiz matçda 2,5:1,5 hesabı ilə qələbə qazanıb fəxri kürsünün zirvəsində çempionluğunu bayram edəcəkdi.

Bacardı da! Rəqib nə qədər inadlı müqavimət göstərsə də, görüş nə qədər uzansa da, Vüqarın növbəti dəqiq gedişindən sonra çıxılmaz vəziyyətə düşən Stelvagen uduzduğunu etiraf etdi. Azərbaycan komandası neçə-neçə ölkəni, o cümlədən Rusiya, Ukrayna, Almaniya, Fransa, Ermənistan, Polşa və Macarıstanı geridə qoyub respublikamızda bu növün bütün inkişaf tarixi ərzində ilk dəfə Avropa çempionu oldu. Böyük qələbədə baş rolu isə Vüqar oynadı.

Düzdür, 2013-cü ilin noyabrında Azərbaycan millisi Varşavada da Avropa çempionatının qızıl komandası adını qazandı. Ancaq bu dəfə Həşimovsuz. Novi Sad —2009-dakından fərqli olaraq, Polşa paytaxtında heyətdə məcburi dəyişiklik edilmiş, onun yerini Eltac Səfərli tutmuşdu. Amma yığmamızın bu böyük nailiyyətində Həşimovun da xidməti az olmamışdır. Bir vaxtlar komanda yoldaşları ilə birgə keçirdiyi təlim-məşq toplanışları və görüşlər öz sözünü demişdi. Təsadüfi deyil ki, çempionat başa çatan kimi qalib həmvətənlərimiz Şəhriyar, Teymur, Eltac, Rauf və Qədir qələbəni Vüqar Həşimovun xatirəsinə həsr etdiklərini bildirdilər.

Bu da çox maraqlı məqamdır ki, Vüqar şahmatda ən böyük nailiyyətlərindən birini, bəlkə də, birincisini on il əvvəl, dəqiq desək, 2008-ci ilin baharında doğma Bakıda qazanmışdı. Onda FİDE-nin “Qran-Pri” turnirinin qalibi məhz Həşimov oldu. Çinli Van Yue və norveçli dünya çempionu Maqnus Karlsen Vüqarla eyni miqdarda — 8 xal toplasalar da şahmatçımız əlavə göstəricilərə görə onları üstələdi və qrossmeysterlərin Bakı sammiti azərbaycanlı zəka sahibinin böyük zəfəri ilə əlamətdar oldu.

Bu bir çoxları üçün gözlənilməz uğur idi. Çox təəssüf ki, Vüqar Həşimov istedadının yenicə parlamağa, “Qran-Pri”lərdə, digər beynəlxalq turnirlərdə, Avropa çempionatlarında medallar qazanmağa başladığı bir vaxtda bütün şahmat dünyası — rəqiblər, qədim və müdrik oyunun milyonlarla pərəstişkarı, ağ-qara rəngli şahlar, vəzirlər, toplar... piyadalar onsuz qaldılar. Şahmat dünyası üçün böyük itkidir.

Vüqar Həşimov hələ yeniyetmə yaşlarında mütəxəssislərin diqqətini cəlb etməyə başlamışdı. İkiqat SSRİ çempionu rusiyalı Vitali Seşkovski müsahibələrindən birində onun haqqında demişdi: “Əsl vulkandır. Gözləri alışıb-yanır. Məşq zamanı taxta üzərində hər hansı mövqe qurularkən dərhal müxtəlif variantlar yağdırır”.

Heç vaxt çöhrəsindən təbəssüm əskik olmayan Vüqar Həşimov yaddaşlarda əbədi tərk etdiyi şahmat aləminin sevimlisi kimi yaşayır.

Oqtay BAYRAMOV,
Əməkdar jurnalist

20.07.2020

Xəbər 694 dəfə oxundu.