Futbola həsr olunan 50 il
Ömrünün düz 50 ilini futbola həsr edən AFFA-nın ən fəal federasiyalarından biri olan Bakı Kəndlər Futbol Federasiyasının prezidenti, veteran futbolçu Vaqif Davudovun adı hər zaman idman ictimaiyyətindən hörmətlə çəkilir.

O, 1949-cu il iyulun 7-də Maştağa qəsəbəsində dünyaya göz açıb. Uşaqlıqdan futbola böyük marağı olan veteran futbolçunun sevimli idman növü olan futbolla ilk tanışlığı 7 yaşında baş tutub. Belə ki, o ilk dəfə sağ cinah müdafiəçisi kimi "Məhsul" komandasında oynayıb.1965-ci ildə məşqçilər Şirəli Şirəliyev və Eduard Cəbrayılovun dəvəti ilə "Leninneft" komandasına dəvət olunub.

Belarusun Brest şəhərində hərbi xidmətdə olarkən birincilikdə iştirak etmək imkanı qazanıb. Hərbi xidməti başa vurduqdan sonra məşqçilik fəaliyyətinə başlayan Vaqif Davudov Buzovnanın "Gənclik" komandasının məşqçisi vəzifəsində çalışıb. Bir müddətdən sonra yəni, 1978-ci ildə veteran hakim Nizami Şərifovun dəvəti ilə hakimliyə başlayıb. Həmin il Azərbaycanın I dərəcəli məşqçisi və hakim adına nail olub. O, Azərbaycanın ikinci dəstəsində baş hakim kimi 148, laynsman kimi isə 211 qarşılaşmanı idarə edib.

1978-87-ci illərdə SSRİ birinciliyində 51 dəfə baş hakim, 113 dəfə laynsman kimi meydana çıxıb. Əlavə olaraq, ölkə birinciliyində və kubok yarışlarında 22 il hakim-inspektor və AFFA nümayəndəsi kimi çalışıb.1983-cü ildə Respublika dərəcəli hakim adını alıb. 1989-cu ildə İranın Zəncan şəhərində eyniadlı komanda ilə “Azəri” klubu arasında oyun baş tutub və həmin yarış 0:0 hesabı ilə başa çatıb. 1990-cı ildə Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasında keçirilmiş cavab oyunu 1:1 hesabı ilə başa çatıb. V.Davudov elə həmin ildə futbolda çoxlu yarışlar olduğu üçün hakimlik fəaliyyətini dayandırmaq məcburiyyətində qalıb.

1991-93-cü illərdə "Azəri" futbol klubunda vitse-prezident vəzifəsində çalışıb.1993-1995-ci illər “Lokomotiv" komandasında aparıcı mütəxəssis kimi fəaliyyət göstərib. O, bu komandada oynayan Zaur Tağızadə, Elçin Rəhmanov, Ruslan Musayev kimi istedadlı futbolçuları yüksək səviyyədə yetişdirib və həmin idmançılar ilk dəfə UEFA birinciliyində Kiprdə ölkəmizi təmsil ediblər.

O, 1994-2006-cı illərdə Gənclər və İdman Nazirliyinin təşəbbüsü ilə Sumqayıt, Abşeron, Bakı kənd və qəsəbələrin 3 yaş qrupu üzrə yarışlara rəhbərlik edib.1995-ci ildə Gənclər və İdman Nazirliyində kütləvi futbolun inkişafı etdirmək məqsədilə ictimai aparıcı mütəxəssis olaraq çalışıb. 1997-ci ildə Gənclər və İdman Nazirliyi tərəfindən Azərbaycan Respublikasının fəxri bədən tərbiyəsi və idman işçisi və əmək veteranı adlarına layiq görülüb. 1996-cı ildə Azərbaycanın mərhum, məşhur, şöhrət ordenli futbolçu A.A.Banişevski xəstə və maddi cəhətdən çətin vəziyyətdə olduğuna görə, futbolçunu ruhlandırmaq üçün onun rəhbərliyi ilə “Azəri” futbol klubunda məsləhətçi vəzifəsində çalışıb. Həmin il onun doğum gününə həsr olunmuş, “Azəri” futbol klubun yardımı ilə beynəlxalq səviyyəli turnir keçirilib.
1996-ci ildən bu vaxta qədər AFFA, Bakı Şəhər Gənclər və İdman Baş İdarəsi, Milli Olimpiya Komitəsinin rəhbərliyi və Vaqif Davudovun təşkilatçılığı ilə A.A.Banişevskinin əziz xatirəsinə həsr edilmiş ənənəvi turnir keçirilir.

V.Davudov 2000-ci ildən Gənclər və İdman Nazirliyin təşəbbüsü ilə Nicat PFK-nın prezidenti seçilib. Bakı kəndləri və qəsəbələrində 4 yaş üzrə yarışların keçirilməsi üçün status verilib. Ömrünü futbola həsr edən Vaqif Davudov 2000-2006-cı illərdə Nicat PFK-nın rəhbərliyi ilə Azərbaycan Bədən Tərbiyəsi və İdman Akademiyasının gənc məşqçilər kursunun müəllimləri ilə məşqçilərin maariflənməsi üçün təlim keçib.

2006-cı ildə Nicat PFK -nın rəhbərliyi ilə A.A.Banişevskinin əziz xatirəsinə həsr edilmiş ənənəvi turnirdə Rusiya, Gürcüstan, Türkmənistan ölkələrinin idmançıları, habelə Azərbaycandan “Bakı 1”, “Bakı 2”, “Nicat PFK” komandaları iştirak edib. “Nicat PFK”komandası həmin yarışda ikinci olub.

2006-cı ildə gənclər və idman naziri Azad Rəhimovun təşəbbüsü ilə Bakı Kəndlər Futbol Federasiyası yaradılıb. Bu gün də fəaliyyətini davam etdirən federasiyada hər il Bakı şəhər Gənclər və İdman Baş İdarəsinin illik planına uyğun olaraq yarışlar təşkil olunur.

O, 2009-cu ildən AFFA-da Bakı kəndlər futbol üzrə əlaqələndirici vəzifəsində çalışıb. Onun təşkilatçılığı və AFFA-nın rəhbərliyi ilə hər il payız/yaz birinciliyi, A.A.Banişevski turniri, super-kubok gənc həvəskarlar arasında futbol turniri keçirilir. Bu yarışlarda ilk addımlarını atan futbolçular - Rəşad Sadıqov, Vitali Barisov, Zaur Ramazanov, Rail Məlikov, hakimlər - Vüsal Əliyev, Azad Hüseynov, Fariz Yusifov, Orxan Məmmədov, Əliyar Ağayev, Vaqif Musayev, Rufulla Kərimov, Ramin Quliyev, Teymur Əsgərov, Elxan Nəsirov və s. kimi tanınmış idman ictimaiyyətinin nümayəndələri məhz Vaqif Davudovun yetirmələri olub.

O, 2017-ci ildə Azərbaycan Respublikasının prezidenti Cənab İlham Əliyev tərəfindən Azərbaycanın “Əməkdar bədən tərbiyəsi və idman xadimi” adına layiq görülüb.

Vaqif müəllimi, idmansevərlər adından ad günü münasibətilə təbrik edirik, cansağlığı, uzun ömür, gələcək işlərində daha böyük uğurlar arzulayırıq.

Xəbər 676 dəfə oxundu.