46 il əvvəl bu gün
İdman ictimaiyyətimizin yaşlı nəsil nümayəndələrinin yadında olar. Az qala yarım əsr əvvəl, 1974-cü il iyunun 21-də respublikamızda baş vermiş bir idman hadisəsi indi yaddaşlarda tarixi hadisə kimi yaşayır. Söhbət 46 il əvvəl həmin gün Azərbaycan KP MK-nın birinci katibi Heydər Əliyevin təşəbbüsü ilə keçirilmiş respublika partiya fəalları yığıncağından gedir.

Tədbirin çox böyük əhəmiyyətini xüsusi vurğulamaq istəsək, bunu qeyd etmək kifayətdir ki, partiya fəalları yığıncağı bütünlüklə Azərbaycanda bədən tərbiyəsi — idmanın vəziyyəti, onun daha da inkişaf etdirilməsi məsələsinə həsr olunmuş və bu barədə prinsipial söhbət getmişdi.

Respublikamızın rəhbəri idmanımızın bütün sahələrini əhatə edən geniş nitqində yaranmış vəziyyəti hərtərəfli müzakirə etmiş, irəliləyişə mane olan nöqsan və çatışmazlıqları göstərmiş, sağlamlıq və gümrahlıq məşğələlərinin məişətimizə daha möhkəm daxil edilməsi, böyük idmanda isə yüksək nailiyyətlər qazanılması yolları üzərində dayanmışdı. Azərbaycan idmanının sonrakı böyük qələbələrinin təməli də məhz həmin gün qoyulmuşdu.

Bütün Azərbaycanda böyük əks-səda doğuran yığıncaqda görkəmli mütəxəssis, yüngül atletika üzrə SSRİ Əməkdar məşqçisi Əfqan Səfərov da çıxışında bu tədbirin əhəmiyyətini yüksək qiymətləndirmişdi: “Azərbaycan idmanının ağsaqqallarından biri kimi deyə bilərəm ki, respublika partiya fəallarının indiki yığıncağı bədən tərbiyəsi və idmanın inkişafına Azərbaycan KP MK-nın göstərdiyi qayğının yeni parlaq təzahürüdür. Bu yığıncaq Azərbaycanda idman hərəkatına çoxdan bəri ehtiyac duyulan bir təkan olacaqdır”.

Həyata keçirilən təxirəsalınmaz tədbirlər nəticəsində həmin yığıncaq Azərbaycan idmanının inkişafına güclü təkan verdi və gələcək uğurlarımız üçün gözəl zəmin yaratdı. Respublikada bədən tərbiyəsi — idman hərəkatı geniş vüsət aldı, ən yaxşı idmançılarımız təkcə SSRİ çempionatlarında deyil, həm də dünya və Avropa birinciliklərində, Olimpiya oyunlarında yüksək zirvələr fəth etməyə başladılar.

Daha sonra isə müstəqil dövlətimizin idmançıları dünya və Avropa çempionatlarında, Olimpiya və Paralimpiya Oyunlarında, digər mötəbər beynəlxalq yarışlarda qələbə və medalları ilə idmana xüsusi qayğını öz üzərinə götürən ümummilli lider Heydər Əliyevin ümidlərini doğruldub, ölkəmizi bütün dünyada etiraf olunduğu kimi, qüdrətli bir idman dövlətinə çevirdilər...

Oqtay BAYRAMOV,
Əməkdar jurnalist

21.06.2020

Xəbər 798 dəfə oxundu.