“Bakı-2015”-in ən gözlənilməz anı
Bu gün “Bakı-2015” Birinci Avropa Oyunlarının təntənəli açılış mərasimindən düz beş il ötür. Qitəmizin idman hərəkatında yeni səhifə açmış bu tarixi hadisə 2015-ci il iyunun 12-də Bakı Olimpiya Stadionunda baş verdi və elə həmin gündən Azərbaycan Avropa Oyunlarının vətəni oldu.

On yeddi gün davam edən və Azərbaycan komandasının ümumi hesabda Rusiyadan sonra ikinci yeri tutduğu “Bakı-2015” bir sıra maraqlı məqamlarla yadda qalıb. Onların ən gözlənilməzi isə paralimpiyaçıların turnirinin finişinə təsadüf etdi.

... İyunun 26-da, “Bakı-2015” Birinci Avropa Oyunlarının on beşinci günü Heydər Əliyev adına İdman Sarayında çıxış edən paralimpiyaçı cüdoçuların görüşləri başa çatdıqdan sonra tarixdə ilk Avropa Oyunlarının çempionu adını qazanmış İlham Zəkiyev tamamilə gözlənilməz təşəbbüsü ilə bir andaca hamını heyrətə gətirdi. İkiqat alqışa layiq həmin cəsarətli təşəbbüsü bir daha yada salaq.

Yarımfinalda İ. Zəkiyev yunanıstanlı rəqibi üzərində qələbədən sonra, finalda Ukrayna cüdoçusu Aleksandr Pominovu da məyus edərək Avropa Oyunlarının çempionu adını qazanır. Bir qədər sonra isə qaliblərə medalların təqdim olunması mərasimində çempion hamını mat qoyur. Bayaqdan tribunadan görüşlərin gedişini diqqətlə izləyən dövlət başçımız, Milli Olimpiya Komitəsinin prezidenti İlham Əliyev təşkilatçılar tərəfindən qalibləri mükafatlandırmağa dəvət olunduqda və o, qızıl medalı sahibinə təqdim etdikdən sonra İ. Zəkiyev Prezidenti də fəxri kürsüyə dəvət edir və onlar zirvədə yanaşı dayanıb, idman sarayına toplaşmış tamaşaçıları salamlayır, möhkəm dəstəyə görə minnətdarlıqlarını bildirirlər.

Tarixi məqam idi. Həmin anı “Bakı-2015” Birinci Avropa Oyunlarının ən möhtəşəm qələbəsi kimi də qiymətləndirmək olardı. İlham Zəkiyevin uğuru təkcə onun özünün yox, Prezident İlham Əliyevin, bütün Azərbaycan xalqının qələbəsi idi!

Belə qələbələr tarixdə əbədi yaşayır. Elə həmin təşəbbüs də nə vaxtsa unudulası deyil. Paralimpiya Oyunlarının ikiqat çempionu, bir bürünc medalının sahibi və birinci Avropa Oyunlarının qalibi, “Şöhrət” ordenli İlham Əzizağa oğlu Zəkiyev idman dünyasına nümunə ola biləcək bir təşəbbüs göstərmişdi!

Oqtay BAYRAMOV,
Əməkdar jurnalist

12.06.2020

Xəbər 762 dəfə oxundu.