Tokioda Olimpiada və Paralimpiadanın açılış və bağlanış mərasimləri birgə keçirilməyəcək
Tokio Yay Olimpiya Oyunlarının təşkilatçıları gələn il keçiriləcək Olimpiya və Paralimpiya oyunlarının açılış və bağlanış mərasimlərinin birgə təşkili ilə bağlı imkanlara baxmaqdan imtina ediblər.

Bu barədə Yaponiyanın Kyodo agentliyi məlumat verib.

Əvvəlcə mərasimlərin birgə təşkilinin, təxminən, 119 milyon ABŞ dollarına qənaət edəcəyi güman edilirdi. Lakin Beynəlxalq Olimpiya Komitəsi və Beynəlxalq Paralimpiya Komitəsi mərasimlərin ayrı-ayrılıqda keçirilməsi fikrini müdafiə ediblər. Əsas dəlil kimi logistika çətinliyi qeyd edilib.

Xüsusilə, Paralimpiada Olimpiadadan bir ay sonra keçirildiyindən, paralimpiyaçılar mərasimdə iştirak etmək üçün Yaponiyaya gəlməli idilər. Bundan əlavə, televiziya yayım hüquqlarında da çətinliklər olacaq.

Tokio Olimpiadası 2020-ci il iyulun 24-dən avqustun 9-dək keçirilməli idi. Koronavirus infeksiyası səbəbindən yarışlar 2021-ci ilə təxirə salınıb və iyulun 23-dən avqustun 8-dək keçiriləcək.

Xəbər 514 dəfə oxundu.