Həyata "İdman"dan pərvazlanan ustad tərcüməçi
Qırx yeddi il əvvəl-1973- cü il sentyabrın 11-də Çilidə Salvador Alyendenin rəhbəri olduğu qanuni Xalq Birliyi hökumətini devirib ölkədə hakimiyyəti ələ keçirən general Auqusto Pinoçeti və onun başçılıq etdiyi hərbi xuntanı kəskin tənqid atəşinə tutan çoxsaylı mətbuat orqanları sırasında bizim "İdman"-"Sport" da var idi. Həmkarımız- Azərbaycan Pedaqoji Xarici Dillər İnstitutunun (hazırda Azərbaycan Dillər Universiteti) ingilis dili şöbəsinin məzunu Elman Cəfərli (şəkildə solda) ingilisdilli mətbuatda dərc edilən materiallar əsasında tez- tez xunta rejiminin Çili xalqına, o cümlədən idman adamlarına qarşı işgəncələrini pisləyən məqalələrlə çıxış edirdi.

Elman müəllim hər səhər əlində bir neçə qəzetlə redaksiyaya daxil olub, onları ötəri gözdən keçirərdi. Bu zaman diqqətini çəkən yazılarla daha yaxından tanış olur, Çilinin ən böyük stadionu paytaxt Santyaqodakı "Estadio Nasional"ı həbs düşərgəsinə çevirib, orada ölkənin ən yaxşı idmançı və məşqçilərinə divan tutan Pinoçetin və havadarlarının amansızlığını oxuculara qəzetimizin "Xarici mətbuat səhifələrində", "Beynəlxalq poçtdan" rubrikaları altında dərc etdirdiyi yazılarda çatdırırdı. Eləcə də, dünya idmanında baş verən ən maraqlı hadisələri qələmə alırdı.

Sonralar E. Cəfərlinin, bir dəfə özünün də dediyi kimi, bizi "bu həyata pərvazlandıran" "İdman"la yolu ayrıldı. Ancaq bunu dostumuza irad tuta bilməzdik, əksinə, sevinirdik, Elman AZƏRTAC-a dəvət olunmuşdu. Bir müddət burada yüksək peşəkarlıq tələb edən tərcüməçi vəzifəsində ümidləri tam doğrultduqdan sonra ona daha yüksək etimad göstərildi və ölkənin ən böyük informasiya agentliyində baş direktorun müavini vəzifəsində çalışmağa başladı.

Bu gün diqqətinizə çatdırdığımız foto "İdman"da işlədiyimiz illərdə Elmanın yaşadığı Razin (indi Bakıxanov) qəsəbəsindəki evinin bağçasında lentə alınmışdır. Baş redaktorumuz Aqşin Kazımzadəni (şəkildə mərkəzdə) və məni qızının, bilmirəm, Nərgizinmi, Nigarınmı ad gününə dəvət etmişdi. İstirahət günümüz pis keçmədi.

Elman Cəfərli həyatı tez, 68 yaşında tərk etsə də, ruhu şad ola bilər. Bizim günlərdə də AZƏRTAC- ın materiallarında Cəfərli imzası görürük. Qızı Nigar agentlikdə atasının yolunu xüsusi müxbir kimi davam etdirir.


Oqtay BAYRAMOV,
Əməkdar jurnalist

30.05.2020

Xəbər 760 dəfə oxundu.