İdmandan “İdman”a
Sədr müavini olanda da tez-tez məqalələr göndərirdi.

“İdman”da həmkar olduğum iki redaktor Mirpaşa Miriyev və Aqşin Kazımzadə haqqında “Unudulmaz tandem” sərlövhəli yazıda danışmışdım. Bu redaksiyada fəaliyyətimin bir hissəsi isə digər iki redaktor Oqtay Atayev və Arif Şəfizadə ilə bağlıdır. Bu gün redaktorlarım haqqında xatirələrimi Oqtay müəllim barədə qeydlərlə davam etdirəcəyəm.

O. Atayev “İdman”—“Sport”a 1987-ci ildən rəhbərlik etməyə başladı. Ancaq buna qədər də respublikamızın idman ictimaiyyətinə yaxşı tanış idi. Azərbaycan Dövlət Universitetini (indiki Bakı Dövlət Universiteti) bitirdikdən sonra “Azərbaycan bədən tərbiyəçisi” —“Fizkulturnik Azerbaydjana” ilə əməkdaşlığa başlamış, “Bakı” —“Baku”da şöbə müdiri olmuşdu. Oqtay müəllim 1976-cı ildə isə Azərbaycan Bədən Tərbiyəsi və İdman Komitəsi sədrinin müavini vəzifəsinə yüksəlmişdi.

On ildən də bir qədər artıq müddətdə respublikada bədən tərbiyəsi və idman hərəkatının rəhbərlərindən biri kimi fəaliyyət göstərmiş O. Atayevin sonuncu iş yeri “İdman” —“Sport” oldu, 1987-1991-ci illərdə Azərbaycan idmanının təbliği və daha da inkişafı işinə redaktor kimi xidmət etdi.

İşini dərindən bilən adam idi. Bunu həm məhsuldar jurnalistlik fəaliyyətində, həm də İdman Komitəsində yüksək vəzifədə çalışdığı dövrdə inamla təsdiq etdi. Təəssüf ki, redaktorlluğu elə də çox çəkmədi— 1991-ci il martın 12-də həyatla vidalaşan Oqtay Atayev ürəkdən bağlandığı işi sonadək davam etdirə bilmədi.

Hərçənd, təkrar edim, işdə çox fəal idi, təkcə əməkdaşlarından yazılar tələb etmir, özü də, demək olar, qələmini yerə qoymurdu. Hətta sədr müavini olanda da redaksiyalara tez-tez məqalələr göndərirdi.

Ömrünün son illərində nəşr etdirdiyi və Azərbaycan dilinə tərcüməsini məndən xahiş etdiyi «Ot “Proqressa” do “Neftçi”» kitabı da onun coşqun fəaliyyətindən, Azərbaycan idmanına daha çox fayda vermək əzmindən xəbər verirdi. Amma...

1990-cı il yanvarın 22-si idi. Şəhərin müxtəlif yerlərindən hərəmiz birtəhər Mətbuat prospektində yerləşən “Kommunist” (indiki “Azərbaycan”) nəşriyyatının 9-cu mərtəbəsindəki redaksiyamiza toplaşmışdıq. Sıralarımızda dörd-beş nəfər Sov. İKP üzvü var idi. Hamımız partiya biletlərindən imtina etməyi, onları Oktyabr (indiki Yasamal) Rayon Partiya Komitəsinə təhvil verməyi qərara aldıq. Respublikamızın Əməkdar jurnalisti Oqtay Atayevin 1991-ci il martın 12-də cəmi 62 yaşında vəfatının bir səbəbi də 1990-cı ilin qanlı 20 yanvar faciəsi idi.

Oqtay Bayramov,
Əməkdar jurnalist

22.05.2020

Xəbər 804 dəfə oxundu.