“Vısşi liqa”ya neçə-neçə “oyunçu” vermiş Mirpaşa Miriyev...
Azərbaycan İdman Jurnalistləri Federasiyasının Əməkdar jurnalist, Prezident təqaüdçüsü Mirpaşa Miriyevin 100 illik yubileyinin keçirilməsi ilə bağlı təşəbüssü təkcə rəhmətlik redaktorun unudulmaz xatirəsinə dərin ehtiramın ifadəsi deyil, bütünlüklə idman jurnalistikamıza diqqətin təzahürüdür.

... Aprelin 14-də azsport.az saytının mənə səxavətlə yer ayırdığı bölməyə “İdman”dan “Kommunist”ə! sərlövhəli bir yazı göndərmişdim. Ertəsi gün ötən əsrin yetmişinci illərinin əvvəlində “İdman”da həmkarım olmuş Əlipənah Bayramovla söhbət əsnasında ondan bu sözləri eşitdim: “Yadındamı, bir dəfə Mirpaşa müəllim gülə-gülə dedi ki, mən artıq “vısşi liqa”ya üç oyunçu vermişəm.

Bu o demək idi ki, müxtəlif illərdə “İdman” — “Sport”un əməkdaşlarından üç nəfərinə yuxarı dairələrdə yüksək etimad göstərilmiş, onlar Azərbaycan KP MK-nın orqanı olan qəzetlərə dəvət olunmuşdular.

M. Miriyev həmin iki-üç kəlmə ilə heç də öyünmək fikrində olmayıb. Əksinə, onun sadəliyi və təvazökarlığı haqqında saatlarla danışmaq olar. Sadəcə, öz aramızda söhbət zamanı yeri gəlmiş, o da həmin sözləri fəxrlə demişdi. Əlbəttə, tamamilə haqlı idi.

O illərdə SSRİ futbol çempionatları vısşaya liqa (biz onu güclülər dəstəsi adlandırırdıq) və pervaya liqada (birinci dəstədə) keçirilirdi. Onda “vısşi” dediyimiz vısşaya liqada oynamaq şərəfi heç də hər futbolçuya nəsib olmurdu.

İndi “İdman”—“Sport”da, ondan əvvəl isə “Azərbaycan bədən tərbiyəçisi”—“Fizkulturnik Azerbaydjana”da yazıb yaratmış insanları xatırlayanda məlum olur ki, bir vaxtlar Mirpaşa müəllimin başçılıq etdiyi redaksiyanın divarları arasında üç yox, daha çox məşhur qələm sahibi yetişmişdir. Onları sadalamağa çalışaq.

Yolları “İdman”dan keçən, amma təkcə idman jurnalistikasında deyil, bütün Azərbaycan mətbuatında fəxri adları, medal və müxtəlif mükafatları ilə dərin iz buraxmış həmkarlarımdan Aqşin Kazımzadə “Bakınski raboçi”də məsul katib vəzifəsində çalışdı, Xədicə Orduxanova da həmin qəzetə keçdi. Məzahir Süleymanzadənin “Kommunist”də redaktor müavini, Əlipənah Bayramovun şöbə müdiri işlədiklərini ötən yazılarımdan birində diqqətinizə çatdırmışdım. Həmin qəzetdə məsul katibin müavini olmuş Zahir Zahirovu da onların sırasına aid edək. Elman Cəfərlinin tərcüməçidən AZƏRTAC-ın baş direktorunun müavini vəzifəsinə yüksəlməsi hamımızın ürəyindən olmuşdu. Fərhad Abdullayev həm də qəzetimizin “Şahmat” əlavəsinin məsul katibi idi, sonra bir müddət fəaliyyətini AzTV-də davam etdirdi. Konstantin İsaakovun “Sport”dan “Moskovski komsomolets”ə “transfer olunduğunu” da unutmamışıq.

Daha kimləri yada sala bilərik? “Sovetski sport”un Azərbaycan üzrə müxbiri işləmiş Raqif Sədrəddinovu, həmin qəzetin futbol şöbəsinə rəhbərlik etmiş Yuli Segeneviçi, “Sport”dan “Vışka”ya keçən, sonra da mərkəzi mətbuatda —“İzvestiya” və “Pravda”da Azərbaycanı təmsil edən Zaur Qədimbəyovu, daha bir “Vışka”çı Faiq Zəkiyevi.

Bu da tam siyahı deyil. Hələ ötən əsrin altmışıncı illərindən də bir qədər əvvəl “İdman”da tərcüməçi işləmiş məşhur şəxsiyyətlər Cəmil Əlibəyov və Azad Şərifov da xatirələrində M. Miriyevin rəhbərliyi altında həvəslə çalışdıqlarını qeyd etmişlər. Sonralar görkəmli jurnalistlər kimi tanınan Əlibəyov bir müddət “Kommunist”in redaktoru olmuş, Şərifov isə Azərinformda (indiki AZƏRTAC-da) baş direktor vəzifəsində fəaliyyət göstərmişdir. Hamısı da “vısşi” liqaya layiq “oyunçular” idi...

Oqtay BAYRAMOV,
Əməkdar jurnalist

19.05.2020

Xəbər 1031 dəfə oxundu.