Beynəlxalq Olimpiya Komitəsi yardım paketi hazırlayıb
Beynəlxalq Olimpiya Komitəsi (BOK) koronavirus pandemiyasına görə maddi itkilərlə üzləşən Milli Olimpiya komitələri və federasiyalara maliyyə yardımı edəcək.

Qurumun prezidenti Tomas Bax İsveçrənin Lozanna şəhərində İcraiyyə Komitəsinin iclasından sonrakı mətbuat konfransında bu haqda ətraflı məlumat verib. O, yardım paketinin 800 milyon dollar olduğunu açıqlayıb: “Maddi itkilərin miqdarı olduqca böyükdür. Hamı bilir ki, belə bir şəraitdə maliyyə məsələlərinin müzakirəsi və həlli heç də asan deyil. Amma hər necə olsa da, biz virusun yaratdığı fəsadları bir qədər azaltmaq üçün 800 milyon dollarlıq yardım paketi hazırladıq. Bu məbləğin 650 milyonu Olimpiya Oyunlarının təxirə salınmasına görə çətin vəziyyətə düşən təşkilatçılar üçün nəzərdə tutulub. Qalan 150 milyon dollar isə Olimpiya hərəkatına dəstək məqsədilə ayrılıb. Başqa sözlə, bu vəsait BOK ilə əməkdaşlıq edən federasiyalar və milli komitələrə veriləcək. Beləcə qurumlar və idmançılar öz fəaliyyətlərini əvvəlki qaydada davam etdirə biləcəklər”.

T.Bax gələn ilə keçirilən Olimpiadanın yüksək səviyyədə təşkil olunacağına inamını da ifadə edib.

2021-ci ilə təxirə salınan “Tokio-2020” Yay Olimpiya Oyunları iyulun 23-dən avqustun 8-dək davam edəcək.

Xəbər 738 dəfə oxundu.