İki fərqli may
Ondakı mayla indiki may arasında necə də böyük fərq var..! Üç il əvvəl, 2017-nin bu günlərində gözəl paytaxtımız Bakıda, bütün Azərbaycanda IV İslam Həmrəyliyi Oyunları bayramı yaşanırdı. İndi isə koronavirus pandemiyası səbəbindən evdə qalmağa, qapılarımızı bərk-bərk bağlayıb var gücümüzlə müdafiə olunmağa məcburuq.

Lakin, şükürlər olsun, artıq “oyuna” biz nəzarət edirik. “COVİD-19” ilə mübarizədə qalib gəlmək imkanlarımız getdikcə artır. İnşallah, qalib də gələcəyik! Çünki Azərbaycan xalqı birlikdə güclüdür.


Yadınızdasa, 2017-ci ildə Bakıda IV İslam Həmrəyliyi Oyunları da, demək olar, eyni şüar — “Həmrəylik bizim gücümüzdür!” devizi altında keçirilmiş, müsəlman aləminin 54 ölkəsinin dostluq və qardaşlıq bayramına çevrilmişdi.

Mayın 12-də starta çıxıb on gün sonra finişə çatan IV İslamiadanın Azərbaycanda “İslam Həmrəyliyi ili”nə təsadüf etdiyini də unutmamışıq.

Bundan başqa, 2017-ci il bizim üçün olimpiya yubileyləri ilə əlamətdar idi. Həmin il respublikamızın idman ictimaiyyəti Azərbaycan Milli Olimpiya Komitəsinin yaradılmasının 25, cənab İlham Əliyevin MOK-a rəhbərliyinin 20 illiyini yarış meydanlarında layiqli qələbələrlə qeyd etdi.

İslam Həmrəyliyi Oyunlarında qazanılan 162 medal— 75 qızıl, 50 gümüş, 37 bürünc mükafat və əlli dörd ölkə arasında birinci yer isə olimpiya yubileylərinə ən yaxşı töhfə oldu.

Komanda hesabında ikinci yeri 195 medalla (71+67+57) qardaş Türkiyə millisinin tutmasına da çox sevindik.

Ən başlıcası isə bundan ibarət idi ki, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Milli Olimpiya Komitəsi İcraiyyə Komitəsinin üzvü, ölkə Gimnastika Federasiyasının prezidenti Mehriban xanım Əliyevanın başçılıq etdiyi Təşkilat Komitəsi “Bakı-2015” Birinci Avropa Oyunları kimi, IV İslam Həmrəyliyi Oyunlarını da mükəmməl şəkildə təşkil edib möhtəşəm bayrama çevirdi. Bütün yarış günlərində bir ailənin şən və mehriban üzvləri kimi yadımızda qalmış minlərlə atletin qüdrətli və qonaqpərvər Azərbaycanı zəngin təəssüratla tərk etməsi bunun əyani təzahürü idi.

... Bu mayda idmansız, yarışsız qalmışıq, heç düz əməlli məşq də edə bilmirik. Amma kim bilmir ki, yaman günün ömrü az olar. Hər yeni gün bizi daha da ümidləndirir. Deməli, koronavirus üzərində tam qələbəmizə az qalır.

Bir şərtlə ki, sayıqlığımızı, məsuliyyət hissimizi itirməyək, möhkəm iradəmiz, təmkinimiz, yüksək nizam-imtizamımızla çağırılmamış qonağı küncə sıxışdırıb mat edək. Mayın 9-dan karantin rejiminin bir qədər də yumşaldılması, o cümlədən metronun açılması Azərbaycanın idman həyatının tezliklə öz məcrasına düşəcəyinə növbəti işarədir...

Oqtay BAYRAMOV,
Əməkdar jurnalist

11.05.2020

Xəbər 705 dəfə oxundu.