Oqtay Ağayevin arzuladığı komanda
Azərbaycanin kişilərden ibarət yığma voleybol komandası 1957-ci ildə Moskvada Böyük Oktyabr sosialist inqilabının 40 illiyinə həsr edilmiş SSRİ Kuboku yarışında hamını təəccübləndirib fəxri mükafatı qazandıqda "Sovetski sport" kimi çox nüfuzlu qəzet həmin qələbəmiz haqqında hesabatı bütün səhifə boyu "Afərin, azərbaycanlılar!" başlığı altında dərc etmişdi. Komandamızın bu nailiyyətində onun liderlərindən biri olan Oqtay Ağayev də mühüm rol oynamışdı.

Yox, bu yazıda məqsədimiz voleybol əfsanəmizin təxminən 1955-ci ildən Sovet İttifaqı çempionatlarında, SSRİ yığma komandası heyətində beynəlxalq meydanda keçirdiyi oyunları, qazandığı mükafatları sadalamaq deyil. Bu baradə çox deyilmiş, çox yazılmışdır və yenə yazılacaq. Sadəcə onu demək istəyirəm ki, 2014-cü ildə 78 yaşında vəfat etmiş Əməkdar məşqçi, Əməkdar bədən tərbiyəsi və idman xadimi , “Şöhrət" ordenli professor, Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasında voleybol və tennis kafedrasının müdiri, ölkə Voleybol Federasiyasının vitse-prezidenti Oktay Ağayev üçün Azərbaycan yığma komandasında oynamaq şərəf işi idi.

Təsadüfi deyil ki, sonralar o, həmin komandanı arzuladığı komanda adlandırmış, 1997-ci ildə tərtib etdiyi “Birincilər sırasında” kitabçasında oyundaşlarının hər biri haqqında çox xoş fikirlər yazmışdır. Həmin fikirlərdə iyirminci əsrin əllinci illərindən başlayaraq voleybol meydanlarında parlaq tamaşalar göstərmiş mahir ustalardan söhbət açılmışdır.

Professor arzuladığı komandanın oyunçuları haqqında bu ardıcıllıqla danışmışdır: Anatoli Makaqonov, Gennadi Rudnov, Fazil Rzayev, Xəyyam Zülfüqarov, Yaşar Abbasov, Roman Eydelman, Xalıq Ağayev, Səlim Ağayev, Vladlen Busalayev, Tofiq Kazımov, Eldar Qadaşov, Ramiz Hismətov, Həsən Ələkbərov.

Əlbəttə, “Birincilər sırasında” kitabçasının müəllifi həmin qeydlərində onları böyük qələbələrə layiqincə hazırlaşdırmış mütəxəssislər- SSRİ-nin və respublikamızın Əməkdar məşqçisi Şamil Şamxalov, Azərbaycanın Əməkdar məşqçiləri İvan Dyaçkov və İosif Kiblitskini də xatırlayıb.

Azərbaycan voleybolunun uğurlarında böyük xidmətləri olmuş bu adları biz də unutmayaq...

2002-ci ilin aprel günlərindən birində Oqtay Ağayevi söhbətə dəvət etmişdim. İstəyirdim ki, Beynəlxalq Voleybol Federasiyası tərəfindən kubalı Reqla Torresdən sonra iyirminci əsrdə dünyanın ikinci ən yaxşı qadın voleybolçusu hesab edilmiş həmyerlimiz İnna Riskal haqqında yazacağım məqaləni onun fikirləri ilə zənginləşdirim. Həmsöhbətim SSRİ yığma komandası heyətində dörd Olimpiya oyunlarından (Tokio-64, Mexiko-68, Münhen-72, Monreal-76) ikisinin çempionu olmuş, ikisində isə gümüş mükafat qazanmış İnna Valeryanovna və onun böyük ustalığı haqqında ürəkdolusu danışdı. Çox şirin söhbət idi...

Həqiqətən, Azərbaycan voleybolunun (istər kişi, istərsə də qadın) gözəl keçmişi olub.

Oqtay Bayramov,
Əməkdar jurnalist

07.05.2020

Xəbər 908 dəfə oxundu.