Tarixi yürüşün təşkilatçısı
Söhbət Azərbaycanda atüstü milli oyunların təbliğində və inkişafında böyük xidmətləri olmuş Fikrət Paşa oğlu Hüseynovun təşəbbüsü ilə 40 il əvvəl həyata keçirilmiş çox mühüm bir tədbirdən gedəcək.

Ötən əsrin səksəninci illərinin lap əvvəlində bütün Azərbaycanda böyük əks- səda doğuran Qazax- Bakı marşrutu üzrə atçılıq yürüşü, ilk baxışdan, bəlkə də, ağlagəlməz bir addım idi. Respublikamızda atüstü milli oyunların əhəmiyyətini bir daha nəzərə çatdırmaq, ənənələri davam etdirmək məqsədi daşıyan yürüş böyük zəhmət və yüksək təşkilatçılıq bacarığı sayəsində mümkün olmuşdu. Onda bəndəniz də "İdman" qəzetinin əməkdaşı kimi Qazaxdan Bakıyadək 500 kilometrə qədər məsafəni əhatə edən yürüşün gedişini başdan ayağa, yəni, startdan finiş xəttinə qədər işıqlandırmaq tapşırığı almışdı.

O vaxtdan yadımda qalanları sizinlə bölüşməzdən əvvəl yürüşün təşəbbüsçüsü haqqında danışacam. Ancaq bir yazıda Fikrət müəllimin Azərbaycanda atçılıq idmanının təbliği və inkişafında oynadığı rol haqqında tam təəssürat yaratmaq çətindir. O özü "Sür, papaq", "Yaylıq" və digər oyunlar haqqında 1998-ci ildə Gəncə şəhərindəki "Ekologiya" nəşriyyatında buraxdırdığı 198 səhifəlik "Azərbaycan atçaparları və atüstü milli oyunlar" kitabında ətraflı söhbət açıb.

Qısaca onu deyim ki, respublikamızın Əməkdar məşqçisi, atüstü milli oyunlar üzrə idman ustası, xalqımızın qədim milli oyunlarına dair bir neçə elmi tədqiqat əsərinin müəllifi, dosent, 1941-1945-ci illər Böyük Vətən müharibəsinin iştirakçısı F.Hüseynov atüstü milli oyunlarımızın təbliği və inkişafı yolunda əsl fədakarlıq göstərmişdir. Təşkilinə çətinliklə razılıq aldığı Qazax-Bakı yürüşünü isə onun şah əsəri də adlandırmaq olar.

Aradan 40 il ötməsinə baxmayaraq həmin qeyri-adi yürüşdən aldığım olduqca xoş təəssürat hissi məni tərk etmir. Səfərin yekunları haqqında o vaxt qəzetimizdə dərc etdirdiyim qeydlərdə bu sətrlər də var idi: "Ağdam, Şəki, Ağstafa və Qazax rayonlarından 30 nəfərin starta çıxdığı yürüşdə onun iştirakçıları olduqları bölgələrdə "Çövkən", "Sür, papaq" oyunlarını nümayiş etdirirdilər. Onların çıxışları marşrutun keçdiyi hər yerdə-Qazax, Ağstafa, Tovuz, Şəmkir, Gəncə, Qasım İsmayılov(indiki Goranboy) İsmayıllı, Göyçay, Şamaxı və digər rayonlarda yerli əhali tərəfindən böyük sevinclə qarşılanırdı. Adamlar onlara böyük bir bayram yaşadan qoçaq çaparları gül- çiçəklə qarşılayır, oyunları maraqla izləyir, qədim ənənələrimizi davam etdirdikərinə görə təşəkkür edirdilər. Ağsaqallar isə göz yaşlarını gizlədə bilmirdilər.

Qeydlərimizi F.Hüseynovun öz kitabında qələmə aldığı bir fikrlə yekunlaşdıraq:-Respublikanın 14 rayonunun ərazisindən keçərək geniş təbliğat işi aparmış atçaparlarımızın fədakarlığı hörmət və məhəbbətə layiq idi. Bu gün həmin yürüşü xatırlayarkən qəlbim qürur və iftixar hissi ilə döyünür və ruhən rahatlıq tapıram. Axı bütün əziyyətlərə baxmayaraq, biz rayonlarda böyük təbliğat işi aparmış, Azərbaycan atlarını və milli xalq oyunlarımızın yeni həyatını yaşatmışdıq.

Oqtay BAYRAMOV
Əməkdar jurnalist

02. 05. 2020

Xəbər 855 dəfə oxundu.