Formula 1-in yeni mövsümünə Avstriyada start verilə bilər
Formula 1 yarışlarının yeni mövsümünə iyulun 3-5-də keçiriləcək Avstriya Qran-Prisi ilə start verilə bilər.

Bu sözləri Formula 1-in icraçı direktoru Çeyz Keri deyib.

O bildirib ki, il ərzində 15-18 Qran-Prinin keçirilməsi planlaşdırılır.

Yarışların payızda təkcə Avropada deyil, digər qitələrdə də keçiriləcəyini qeyd edən Ç.Keri deyib: "Mövsümün yay aylarında başlayacağına daha çox əminik. İlk Qran-Prinin Avropada keçirilməsi nəzərdə tutulub. Sentyabr, oktyabr və noyabrda Avropa ilə yanaşı, Asiya, Cənubi və Şimali Amerikada da yarışlar görəcəyik. Mövsümə Əbu-Dabidə yekun vurulacaq".

Yaxın günlərdə yeni təqvimin açıqlanacağını deyən Formula 1 rəsmisi ilk yürüşlərin tamaşaçısız təşkil olunacağını vurğulayıb.

Qeyd edək ki, koronavirus pandemiyasına görə Formula 1 üzrə dünya çempionatının startı gecikib. Belə ki, Avstraliya və Monako yarışları ləğv olunub. Vyetnam, Çin, Bəhreyn, İspaniya, Niderland, Azərbaycan, Kanada və Fransa mərhələləri isə qeyri-müəyyən vaxta təxirə salınıb.

Xəbər 616 dəfə oxundu.