Naxçıvanda “Evdə qal, şahmat oyna” devizi ilə şahmat dərsləri və turnirlər keçirilib
Naxçıvan Şahmat Federasiyasının müəllimləri tərəfindən “Evdə qal, şahmat oyna” devizi ilə videodərslər hazırlanıb.

Onlayn dərslərlə yanaşı, şahmatçılar arasında davamlı olaraq blitz turnirləri və yoldaşlıq görüşləri də keçirilib.

Naxçıvan Muxtar Respublikası Şahmat Federasiyasının sədr müavini Emin Hacıyevin verdiyi məlumata görə, onlayn dərsləri Talıb Babayev, Urfan Sevdimalıyev və Toğrul Həsənzadə kimi titullu şahmatçılar keçiblər.

Onlayn dərslərin keçirilməsində məqsəd şagirdlərin asudə vaxtının səmərəli təşkil olunması, onların şahmat dərslərində uzaq qalmamasıdır.

Emin Hacıyev qeyd edib ki, federasiya tərəfindən hər həftə onlayn yarışlar keçirilir.

Qeyd edək ki, Azərbaycanın Türkiyədəki Səfirliyinin və Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) birgə təşkilatçılığı ilə onlayn şahmat turniri keçirilib. Azərbaycan komandası ilə Türkiyədə yaşayan azərbaycanlı şahmatçılarımızın yarışdığı turnirdə iştirak edən Naxçıvan Şahmat Federasiyasının müəllimi qrossmeyster Urfan Sevdimalıyev Azərbaycan komandasının tərkibində iştirak edib.

Bundan başqa şahmat üzrə onlayn Azərbaycan çempionatı da keçirilib. Çempionatda reytinqi 2200-dən yuxarı olan şahmatçılar iştirak edib. 5 naxçıvanlı şahmatçının iştirak etdiyi yarışda ən yaxşı nəticəni qrossmeyster Urfan Sevdimalıyev qazanıb.

Xəbər 834 dəfə oxundu.