"Eldar, final!"
1979-cu ilin SSRİ futbol çempionatı finişin astanasında idi. "Neftçi" doğma stadionda mövsümün son görüşünü keçirirdi. Oyunun ortalarında tribunalardakı sükutu diktorun bu sözləri pozdu: "Hörmətli tamaşaçılar! Beynəlxalq Futbol Federasiyasından xoş xəbər alınmışdır. Bakılı Eldar Əzimzadə beynəlxalq dərəcəli hakim adına layiq görülmüşdür. Gəlin, onu təbrik edək!".

Minlərlə azarkeş bu xəbəri elə bir gurultulu alqışlarla qarşıladı ki, sanki sevimli "Neftçi" rəqib qapısına qələbə topu vurmuşdu.

Rəhmətlik Tofiq Bəhramovdan sonra FİFA- nın hakimlər korpusunda Azərbaycan futbolunun ikinci səlahiyyətli nümayəndəsi olmuş Eldar müəllim sonralar öz hakimlik fəaliyyətində dəfələrlə bu adı layiqincə doğrultdu.

Beynəlxalq federasiyanın ən yaxşı hakimlərindən biri kimi dünya futbol tarixində əbədi yaşayacaq həmyerlimizə etibar olunan ən böyük oyun isə Moskva Olimpiadası-80-in həlledici final matçı oldu (Çexoslovakiya- ADR--1:0).

Bu görüşü karyerasının zirvəsi adlandıran E. Əzimzadə 1998-ci ildə "Elm və həyat" nəşriyyatında 500 nüsxə tirajla nəşr etdirdiyi "Məhəbbətim mənim- futbol" kitabında yazmışdır: "Finala iki gün qalmış moskvalı beynəlxalq dərəcəli hakim Nikolay Latışev yaşadığımız "Sport" mehmanxanasında mənə dedi ki, Eldar, sən çay dəstgahı ilə məşğul ol, mən isə hakimlərin iclasına gedirəm. Bundan bir saat- saat yarım keçməmiş bizim otağın qapısı zərblə açıldı və tamamilə gözləmədiyim halda FİFA- nın baş katibi Yozef Blatter içəri daxil olub tələm-tələsik "Eldar, final!" deyib getdi...".

Lujniki stadionunda 85.000 azarkeşin və dünyanın hər yerində milyonlarla televiziya tamaşaçısının izlədiyi Olimpiadanın final görüşü təkcə çexlərin qələbəsi ilə yox, həm də qaliblərlə yanaşı, onların məğlubiyyətə uğratdıqları almanların da məşqçilərinin oyunun hakimliyini yüksək qiymətləndirmələri ilə yadda qalıb. Bunu da xüsusi qeyd etmək olar ki, həmin günədək Olimpiya oyunlarının futbol turnirinin final görüşü heç vaxt sovet hakiminə etibar olunmamışdı.

Olimpiadanın finalınadək və ondan sonra da Eldar Əzimzadə istər Sovet İttifaqı çempionatlarında, istərsə də beynəlxalq meydanda görüşlərdən sonra bir- birindən nüfuzlu mütəxəssislər- FİFA prezidenti Joao Avelanj, UEFA prezidenti Artemio Franki, yuxarıda xatırlatdığımız moskvalı hakim Nikolay Latışev, Kiyev "Dinamo"sunun baş məşqçisi Valeri Lobanovski, onun Moskvanın "Spartak" komandasındakı həmkarı Konstantin Beskov və bir çox başqa futbol adamlarından ünvanına çoxlu xoş sözlər eşitmişdi.

E. Əzimzadə dəfələrlə mövsümün yekunlarına görə SSRİ- nin ən yaxşı "10 hakimi sırasına" daxil edilmiş, üç dəfə-1979, 1980 və 1982-ci illərdə isə 1 nömrəli hakim elan edilmişdi.

Müxtəlif illərdə həm də Azərbaycan Dövlət İdman Komitəsinin futbol şöbəsinin müdiri, Bakı Bədən Tərbiyəsi Texnikumunda direktor müavini vəzifələrində çalışmış Eldar müəllimin özünün də dediyi kimi, ömrünün ən yaxşı illəri onun əbədi məhəbbəti olan futbolda keçmişdir. Futbol isə dünyada ən sevimli oyundur.

... Yaşasaydı, bir aydan sonra-- mayın 25-də Eldar Əzimzadə növbəti ad günü münasibətilə ailə üzvləri, yaxınları, dostları ilə birlikdə dünya futbolunun neçə- neçə məşhur nümayəndəsindən təbrikləri qəbul edəcəkdi. Amma, nə etmək olar...Başlıcası budur ki, azərbaycanlı hakim yaşıl meydanlarda ürəyindən olan bir yol keçmişdir-- boya- başa çatıb futbolda ilk addımlarını atdığı qədim İçərişəhərdən dünyanın o başına- iki dəfə, 1970 və 1986- cı illərdə ən böyük futbolun-- mundialın təşkilatçısı olmuş Meksikayadək...

Oqtay Bayramov,
Əməkdar jurnalist

21.04.2020

Xəbər 1063 dəfə oxundu.