Xeyirxahlıq nümunəsi
"Xatirələrdə yaşayanlar". İki il əvvəl 82 yaşında əbədiyyətə qovuşaraq özü də bir xatirəyə çevrilmiş Əməkdar jurnalist Abas Əzimov Azərbaycan futbolunun 100 illiyi münasibətilə 2011-ci ildə nəşr etdirdiyi kitabı belə adlandırmışdı.

Bununla da Abas müəllim çox nəcib bir iş görmüş, xeyirxahlıq nümunəsi göstərmişdir. İndi isə yaddaşımızda təkcə Azərbaycan idman mətbuatında deyil, bütün idman ictimaiyyəti arasında çox hörmətli, sevilən, hər an istənilən həmkarının köməyinə gəlməyə hazır olmuş insanı xatırlamaq onun davamçılarının şərəf işidir.

Zarafat deyil, A. Əzimov fotolarla müşayiət edilən 83 səhifəlik həmin kitabında istər Böyük Vətən müharibəsindən əvvəl, istərsə də sonrakı illərdə Azərbaycan futboluna sədaqətlə xidmət etmiş 21 nəfərin keçdiyi yolu qələmə alıb, hər biri haqqında ətraflı məlumat verib. Deməli, bu iş ona asan başa gəlməyib. Biz də heç olmasa, müəllifin xatırladığı adları sadalayaq:

Şirəli Şirəliyev, Mirmehdi Ağayev, Vladimir Turkiya, Kamal Axundov, Vladimir Karmayev, Tofiq Bəhramov, Konstantin Abramenko, Əli Əbilzadə, Eldar Əzimzadə, Kamil Eynullayev, Teymur Vəliyev, Valentin Xlıstov, Vaqif Abbasov, Anatoli Banişevski, Toğrul Hacıyev, Adil Babayev, Ruslan Abdullayev, Sergey Kramarenko, Əli Rəhmanov, Vladimir Bruxti, Rəşid Özbəyov və məşhur teleradio şərhçimiz Valid Sənani... Kitabın həmin insanların ailələri, yaxınları, dost- tanışları üçün necə bir əvəzsiz xatirə olduğunu təsəvvür etmək çətin deyil.

A. Əzimovu sadə və qayğıkeş bir insan kimi tanıdığım üçün tam əminəm: müəllif "Xatirələrdə yaşayanlar"ı öz işinə, peşəsinə, futbola böyük məhəbbətlə qələmə alıb. Onun xatirələri futbolumuzun 100 illik yubileyinə bir jurnalist töhfəsi idi.

Bu, Abas müəllimin idman adamlarımıza həsr etdiyi yeganə kitab deyil. Demək olar, bütün həyatını Azərbaycan Dövlət Televiziyasında, mətbuatda, yarış meydanlarında idmana həsr etmiş, AFFA-nın məsul əməkdaşı olmuş, idman statistikasında da hamımızın ən yaxın köməkçisi, 1980- ci ildə Moskvada keçirilmiş XXll Yay Olimpiya Oyunlarının yüngül atletika yarışlarında yüksək səviyyəli hakimliyinə görə xatirə medalına layiq görülmüş həmkarımız keçdiyi zəngin və şərəfli yolla fəxr edə bilərdi.

Qeydlərimi tanınmış jurnalist Ələkbər Abbasovun 1980-ci ildə "Gənclik" nəşriyyatında nəşr etdirdiyi "---Parol?" "---Moskva!" oçerklər kitabında Abas Əzimovdan bəhs edən "Yüz iyirmi əla" sərlövhəli yazıda uzun illər ərzində AzTV-nin idman proqramları redaksiyasına rəhbərlik etmiş Aydın Əliyevin hələ 40 il əvvəl söylədiyi bir fikirlə yekunlaşdırmaq istərdim:

---Abas canlı faktotekadır. İdman sahəsində ensiklopedik biliyə malikdir. Bir şeyə məəttəl qalırıq ki, bu qədər adam adını, rekordları, müxtəlif yarışların harada, nə vaxt keçirildiyini, kimlərin qalib gəldiyini yadında necə saxlayır?! O, respublikanın idman həyatında fəal iştirak edir...

Abas Əzim oğlu Əzimov bu fikri ömrünün son anlarınadək tam doğrultdu.

Ruhu şad olsun!

Oqtay Bayramov,
Əməkdar jurnalist

19. 04. 2020

Xəbər 1133 dəfə oxundu.