Unudulmaz tandem
Koronavirus pandemiyası deyilən amansız rəqib fasiləsiz hücumlarla bütün planetimizin sakinlərini, futbol dili ilə desək, öz qapıları ağzına sıxışdırıb. Belə çətin günlərdə əlimdə olan idman ədəbiyyatını bir daha vərəqləyib ötən günləri xatırlayarkən indi diqqətinizə çatdırdığım şəkil məni təxminən 40-50 il əvvələ qaytardı.

Fotonun məhz neçənci ildə, hansı şəraitdə, kim tərəfindən (Faiq Rəcəbli, Leonid Bedoşvili, Əhməd Abdullayev, Gennadi Malyov və ya bir başqası) lentə alındığını deyə bilmərəm. Yalnız onu bildirim ki, şəkli 2012-ci ildə "İdman" qəzetinin səksən illiyi münasibətilə nəşr olunmuş ""İdman"-80" kitabında gördüm.

Əvvəllər "Azərbaycan bədən tərbiyəçisi"--- "Fizkulturnik Azerbaydjana", 1968-ci ildən isə "İdman"-- "Sport" adlanan qəzetin təşəkkülündə, sıralarının möhkəmlənməsində və oxucularının böyük rəğbətini qazanmasında Mirpaşa Miriyev (şəkildə solda) - Aqşin Kazımzadə tandeminin əvəzsiz xidmətləri olub. Bunu 52 illik jurnalistlik fəaliyyətinin yarısını Mirpaşa müəllim və A. Kazımzadə ilə birlikdə "İdman"--"Sport" redaksiyasının divarları arasında keçirmiş bir həmkar kimi qətiyyətlə deyirəm.

Azərbaycan idman ictimaiyyətinin yaşlı nəsil nümayəndələri respublikamızda bədən tərbiyəsi - idmanın təbliğində və inkişafında idman jurnalistikamızın bu iki liderinin neçə mühüm rol oynadığını yaxşı bilirlər. Güman etmək olar ki, elə indiki davamçılarının da nə az, nə də çox - düz 37 il bu qəzetə başçılıq etmiş və haqlı olaraq rekordçu redaktor adlandıra biləcəyimiz M. Miriyev və redaktor müavini kimi onunla birgə çalışıb beş dəfə Yay Olimpiya Oyunları startlarının birbaşa hadisə yerində şahidi olmuş, beynəlxalq idman mətbuatı dairələrində də böyük nüfuz sahibi kimi tanınmış A. Kazımzadə haqqında kifayət qədər məlumatları var.

Bu unudulmaz redaktor - redaktor müavini tandemi qəzetə rəhbərlik etdiyi dövrdə əsil yaradıcılıq nümunəsi göstərmiş və sonda "meydanı" alqışlar altında--Azərbaycan Respublikasının Əməkdar jurnalisti fəxri adı və digər yüksək mükafatlarla tərk etmişdir.

Təsadüfi deyil ki, bu ilin əvvəlində həyata vəsiqə almış, ancaq çox təəssüf ki, ilk addımları ağır dövrə təsadüf etmiş Azərbaycan İdman Jurnalistləri Federasiyasının 2020-ci il üçün tədbirlər planında iyunun 24-də Mirpaşa Miriyevin 100 illik yubileyinin qeyd olunması, ilin finişində, dekabrda isə idman ictimaiyyətimizin iki nümayəndəsinə Mirpaşa Miriyev və Aqşin Kazımzadə mükafatlarının verilməsi də nəzərdə tutulub. Təqdirəlayiq təşəbbüsdür.

... Diqqət yetirək, bu qeydlərin qələmə alınmasına başlıca səbəb olan foto "COVİD-19"-a qalib gəlmək üçün hamımızın Nazirlər Kabineti yanında Operativ Qərargahın müəyyənləşdirdiyi tələblərə birlikdə riayət etməsi tövsiyəsinə çox uyğundur. İdman mətbuatımızın banilərindən hesab edə biləcəyimiz M. Miriyev və A. Kazımzadə də "İdman"--"Sport"u çiyin - çiyinə birgə səylə məşhurlaşdırmışdılar.

Həyat davam edir. Biz birlikdə güclüyük. İnşallah, olimpiadalarda, l Avropa Oyunlarında, lV İslamiadada olduğu kimi, indi də koronavirus sınağından şərəflə çıxıb yenidən hamılıqla adət etdiyimiz həyata - idmana, məktəblərə, mədəniyyət tədbirlərinə, kənd təsərrüfatı işlərinə qayıdarıq...

Oqtay BAYRAMOV,
Əməkdar jurnalist

16. 04. 2020

Xəbər 1157 dəfə oxundu.