Koronavirus pandemiyası dünyanın ən yaxşı basketbol liqasını yeni rekordlarsız saxlaya bilər
Amerika Milli Basketbol Assosiasiyasında (NBA) mövsümün dayandırılmasına səbəb olan hadisələrin xronologiyası həm komik, həm də qorxuludur. Mart ayında təşkil edilən mətbuat konfranslarının birində “Yuta Caz” klubunun fransalı basketbolçusu Rudi Qoberin koronavirusla bağlı suala reaksiyası diqqət çəkib. Basketbolçu önündəki bütün mikrofonlara etinasızlıqla toxunaraq heç nədən çəkinmədiyini sanki nümayişkaranə göstərib.

Martın 12-də klubun "Oklahoma" ilə qonaq matçı ərəfəsində azarkeşlərə qarşılaşmanın baş tutmayacağı elan edilib və məlum olub ki, qonaq basketbolçulardan birinin, R.Qoberin koronavirus testi müsbət çıxıb. NBA bu hadisəyə ildırım sürəti ilə reaksiya verərək oyun gününün bütün görüşlərini ləğv edib. Qurum baş vermiş fəlakətin həqiqi miqyasından xəbər tutduqda isə bütün mövsümü təxirə salıb. Belə ki, “Yuta Caz” oyunçuları Qoberin geyinib-soyunma otağında komanda yoldaşlarına və onların şəxsi əşyalarına toxunduğunu söyləyiblər. Daha sonra koronavirusun "Caz"ın gənc liderlərindən biri Donovan Mitçelldə aşkarlanması təsdiqlənib.

Təəssüf ki, bu infeksiyanın yayılmasını dayandırmaq mümkün olmayıb. Çünki azarkeşlərlə ünsiyyətə açıq olan Qober, müxtəlif şəhərlərdə test nəticələrini almadan bir neçə gün əvvəl onlara avtoqraflar verib. O da məlum olub ki, məktəblilərdən biri avtoqrafla yanaşı, ondan koronavirus da alıb. Bundan əlavə, liqadaxili araşdırma zamanı müəyyən edilib ki, son bir həftə ərzində 30 NBA klubunun nümayəndələri bir-biri ilə kontaktda olublar. Bu günə qədər liqada təsdiqlənmiş 19 xəstəlik hadisəsi qeydə alınıb ki, yoluxanlardan 10-u oyunçulardır.

Mövsümün dayandırılmasından sonra liqa rəhbərliyi komandaları bir araya gətirib qalan matçları Amerikanın qapalı bir şəhərində keçirməyi düşünsə də, bunun mümkünsüzlüyünü başa düşüb. Onsuz da aprelin əvvəlində küləyin səmtinin dəyişdiyi barədə mesajlar görünməyə başlayıb. Həm də buna təkcə ştatların sürətlə pisləşən epidemioloji və oyunçuların yoluxma səbəbi deyil, eyni zamanda, infeksiyaya yoluxanların əksəriyyəti üçün xəstəliyin, demək olar ki, simptomsuz keçməsi olub. Baxmayaraq ki, Qober, Mitçell və Smart artıq sağaldıqlarını elan ediblər.

Məlum olub ki, NBA çinli həmkarlarının təcrübəsindən yararlanmaq qərarına gəlib. Belə ki, mart ayının sonlarında ÇXR hökuməti oyun idman növlərində yerli çempionatların bərpa olunmasını qeyri-müəyyən müddətə təxirə salıb. Xüsusilə, Çin Basketbol Assosiasiyası (AMB) NBA kimi əvvəlcə qapalı bir şəhərdə turnir keçirmək variantını nəzərdən keçirsə də, sonradan bundan imtina edib. Çində koronavirus epidemiyası azalsa da, yerli hakimiyyət, potensial olaraq həm azarkeş, həm də oyunçuların simptomsuz infeksiyalar səbəbindən yeni bir dövrün başlanmasından qorxur. Şimali Amerika mediasında NBA-nın bunu nəzərə aldığı vurğulanır. Qeyd olunur ki, çempionat yenidən başlasa, fiziki cəhətdən bütün basketbolçular üçün sınaq təmin edilə bilməz və nəticədə onların təhlükəsizliyi sual altında qalar. Bununla əlaqədar liqada artıq mövsümün erkən dayandırılmasının hüquqi və maliyyə aspektləri ilə bağlı oyunçuların Həmkarlar İttifaqı ilə bağlı danışıqlara başlanılıb. Rəsmi olaraq yaxın gələcəkdə bununla bağlı qərar elan edilə bilər.

“NBC” və “Washington Post” qəzetinin apardığı araşdırmaya görə liqanın mövsümün əvvəlindəki yalnız matç gəlirlərindən itkiləri, təxminən, 700 milyon dollar təşkil edəcək. Burada bilet satışının payı təsiredicidir - təqribən 466 milyon dollar.

NBA-nın illik gəlirinin 30 faizini təşkil edən televiziya hüquqlarının satışı ilə bağlı məsələ də bir sıra çətinliklər yaradacaq. Burada söhbət, təxminən 3 milyard dollardan gedir. Çempionatın bərpa edilməməsinin bir çox suallara səbəb olacağını və heç bir cavab verilmədikdə məhkəmə iddialarını güman etmək məntiqlidir.

Liqa klubları və onların sahiblərinin ciddi itkilər verəcəyi şübhəsizdir. Bilet, stadionun saxlama xərci, icarə haqqı, texniki heyətə, eləcə də oyunçulara və məşqçilər heyətinə ödəmə şəklində maliyyə yükü bir sıra problemlərə yol açacaq. Mühüm amil, klublarda maaş həddinin 109 milyon dollardan 94-95 milyon dollara qədər azaldılması olacaq. Bu, bir çox komandanın yayda sərbəst agent bazarına girməsinə imkan verməyəcək və bu həddi aşanlar əlavə vergi ödəməli olacaqlar.

Mövsümün mümkün ləğvi oyunçuların atletik uğurlarına təsir edəcək.

Keçən yay NBA, mübadilə və keçidlər vasitəsilə əhəmiyyətli dərəcədə güclənib. Belə ki, Lebron Ceyms və Entoni Devisi heyətinə qatan “Leykers” yenidən diqqət mərkəzinə gəlib. Qonşu “Los Angeles Klippers” komandası isə Kavay Leonard və Paul Corc kimi güclü oyunçularla heyətini daha da qüvvətləndirib. Mövsümün ləğvindən onlar daha çox əziyyət çəkəcəklər.

Ümumiyyətlə, bu mövsüm Lebron üçün son dərəcə vacib idi. 35 yaşlı oyunçu orta hesabla hər matçda 25,7 bal toplayıb. “Leykers”in finala çıxması isə onlar üçün vaxt məsələsi idi. Mövsümü davam etdirməkdən imtina edən "Leykers" Lebronun qiymətli karyera ilini itirməli olacaq. Hətta onun qeyri-adi fiziki gücü gec-tez tükənəcək və tək Devislə qalib gəlmək çətin olacaq. Onu da qeyd edək ki, bu yay, Devisin özünün müqaviləsinin etibarlılıq müddəti başa çatır və liqadakı sabitləşməmiş maddi vəziyyətin növbəti mövsümə necə təsir edəcəyi bilinmir.

Hazırkı vəziyyət kimlər üçünsə o qədər də ürəkaçan deyil. Artıq iki ildir ki, "Baks" lideri Yannis Adetokunbonun ətrafında heyranedici komanda toplanır, lakin klub hələ də finala yüksələ bilməyib. Daha bir il bəlkə də arzuları gerçəkləşdirəcək və bu da hücumçunun sonradan azad agentlər bazarına girməklə yeni müqavilə imzalamaqdan imtina etməsinə səbəb olacaqdı.

Nəhayət, bu vəziyyətdə “Qolden Steyt”in ziyan çəkib-çəkməyəcəyi hələ məlum deyil. Mövsüm boyunca yalnız zədələnmiş liderlərin sonu görünməyən müalicəsi ilə məşğul olan və gəncləri oynatmaqla kifayətlənən son on ilin ən yaxşı klubu turnir cədvəlində ən aşağı pillələrə qədər enib. Kim bilir, bəlkə bununla o, draftda yeni oyunçular seçmək şansını artırmaq istəyir.

Bəs mövsüm ləğv olunarsa draftla vəziyyət necə olacaq. Burada artıq hər şey püşkatmanın nəticəsindən asılı olacaq. Belə ki, püşkatma mövsümün nəticələrinə deyil, digər qaydalara uyğun aparılarsa onda klubun son mövsümü boş yerə ən pis nəticələrlə başa vurması aydın olacaq.

Tərcümə etdi,
Bəsti Sabirqızı


Xəbər 816 dəfə oxundu.