İdman dünyasının koronavirus STATİSTİKAsı
Bəşəriyyəti ağuşuna alan taclı ölüm mələyi – COVID-19 koronavirus infeksiyası dünya iqtisadiyyatına zərbələri bir-birinin ardınca vurmaqdadır. Əlbəttə, böyük biznesin tərkib hissəsinə çevrilmiş idman dünyası da istisna deyil. Təkcə yarışların yarımçıq qalması, təxirə salınması, ləğv olunması, ən əsası, maliyyə itkisi deyil, böyük hazırlıq mərhələlərindən keçib yarışlara hazırlaşan idmançıların fiziki durumunun bərpası postkoronavirus dövrünün gündəm mövzusu olacaq. Bir sözlə, idman dünyası pandemiyanın ağır fəsadlarını aylarla, illərlə aradan qaldırmalı olacaq. Hələ psixoloji durumdan söz açmırıq. Bu, ümumiyyətlə, bəşəriyyətin ən mühüm mövzusu olacaq və bu dəmdə idman ən pozitiv cəhəti ilə gündəmə gələcək. Ümumən, idmanda bu zərbələri aradan qaldırmaq maliyyə itkilərindən qat-qat ağır başa gələcək.

Lakin bu gün taclı bəlanın ağırlığı, üzüntüsünü tacvari virus infeksiyasına yoluxmuşların nümunəsində də izləyirik. Dünyada məlum olan nümünələr əsasında idmanla əlaqədar olan insanlardan 200-ə yaxınının COVID-19 daşıyıcısı var. Əfsuslar olsun ki, itkilər haqqında da məlumatlar var.

Təbii ki, onlar arasında İtaliya və İspaniya idmançıları daha çox əziyyət çəkir.

COVID-19-a yoluxmuş idmançıların ölkələr üzrə göstəriciləri ilə bağlı dünya mətbuatında hesabatlar da dərc edilir. Son məlumat belədir:

Yoluxanlar: 35 – İspaniya, 29 – İtaliya, 14 – Böyük Britaniya və ABŞ, 9 – Almaniya və Rusiya, 8 – Türkiyə, 6 – Braziliya, 5 – Fransa, 3 – Argentina və Çin, 2 – İran, Polşa, Koreya Respublikası, Portuqaliya və Estoniya, 1 – Avstraliya,
Danimarka, Yunanıstan, Kolumbiya, Serbiya, Qambiya, İsveç, Norveç, Finlandiya, Yaponiya, Paraqvay, Meksika, Belçika, Ukrayna, Kanada, Seneqal, Macarıstan.

Ölkələr üzrə İspaniya və İtaliya liderdirsə, idman növləri üzrə lideri də tapmaq çətin olmaz: futbol.

Növlər üzrə siyahı:111 – futbol, 29 – basketbol, 13 – buz hokkeyi, 6 – veloidman, 3 – “Formula 1”, 2 – boks, tennis, 1 – xizəksürmə, fiqurlu konkisürmə, biatlon, atletika, voleybol, həndbol; kiber idman, üzgüçülük, kanoe, idman gimnastikası.

Siyahıda 3 idman jurnalistinin də adı qeyd olunur və iki yazar dünyasını dəyişib.

İdman aləmindən dünyasını 13 nəfərin dəyişməsi barədə məlumat təsdiqlənib:

Siyahı belədir: 5 – İspaniya, 2 – İran, 1 – Portuqaliya, İtaliya, 1 – Niderland, ABŞ, Seneqal, Fransa.

Haqq dünyasına qovuşanların növlər üzrə statistikası: 8 – futbol, 1 – veloidman və basketbol.

Ümumən 24 idmançı bu xəstəliklə mübarizədə qalib gəlib.


Xəbər 860 dəfə oxundu.