“Bu bütün dünyanın qlobal problemi olduğuna görə, alınan qərarlarla razılaşmalıyıq”
“Koronavirus pandemiyasının yaratdığı problem səbəbindən məşqlərimi evdən onlayn şəkildə davam etdirirəm”.

Azsport.az saytının məlumatına görə, bu sözləri “Tokio-2020” Yay Olimpiya Oyunlarına lisenziya qazanan bədii gimnastımız Zöhrə Ağamirova deyib.

Gənc gimnast virus səbəbindən yaranan fasilənin onun üçün xeyirli olacağını düşünür: “İndi zamanım daha çox olduğuna görə, gimnastikanın qaydalarını daha dərindən oxuyub, öyrənməyə çalışıram”.

Gimnastımız olimpiadanın gələn il keçirilməsinə də münasibət bildirib. Onun fikrincə, bunun onun məşqlərinə elə böyük təsiri olmayacaq: "Düzdür, yaranmış vəziyyət planlarımızı dəyişdi. Cari ildə bir çox gimnastika yarışları, xüsusilə də Tokio olimpiadası təxirə salındı. Bu məni çox kədərləndirdi. Yarışların təxirə salınmasının sözsüz ki, mənfi təsiri olur. Çalışacağam ki, gələn il keçiriləcək Olimpiadaya daha yüksək enerji ilə hazırlaşım. Buna görə mövsümə daha böyük motivasiya ilə başlayacağam və məşqlərimi daha da intensivləşdirəcəyəm. İnanıram ki, bütün dünya tezliklə bu virusa qalib gələcək və biz də əvvəlki məşq rejimimizə qayıdacağıq”.

Qeyd edək ki, Zöhrə Ağamirova Olimpiadada çıxış edəcək ilk azərbaycanlı bədii gimnast olacaq. Bu vaxtadək Olimpiadada Azərbaycanı legionerlər təmsil edib.

Aynurə PƏNAHQIZI

Xəbər 778 dəfə oxundu.